Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

COVID-19 peyvəndinin effektivliyi ilə bağlı tədqiqatın ilk mərhələsi başa çatdı

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) apardığı COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb.

RegionTV.info  xəbər verir ki, bunu İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib.

Onun sözlərinə görə, bu, COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır: "Tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Respublikada epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştammlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır".

Q.Haqverdiyev vurğulayıb ki, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar: "Tədqiqat 7 tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır. Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1 500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə – layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq".

Qəhrəman Haqverdiyev

"Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Qeyd edim ki, hər respondent ilə əvvəlcə geniş sorğu aparılıb, pandemiya dövründə COVID-19 xəstəliyinə yoluxub-yoluxmaması, yanaşı xəstəliklərin olub-olmaması, xəstələrlə nə qədər tez-tez təmasda olması və sair kimi suallara cavabları toplanıb. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik. Belə ki, PZR analizi müsbətdirsə, başqa bir qısa sorğu aparılır və analiz nümunələri bir il ərzində saxlanılması üçün göndərilir. Beləliklə, il ərzində 1500 səhiyyə işçisi daim müşahidə altında olacaq. İştirakçılar da məmnundur, çünki onlar il ərzində üç dəfə heç bir ödəniş etmədən antitellərin yoxlanılması testindən keçəcəklər, başqa sözlə, sağlamlıq vəziyyətləri daim diqqət mərkəzində olacaq" - deyə İSİM-in direktoru əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də