Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alimlər Tibetin əriməkdə olan buzlaqlarında qədim viruslar aşkar edib

Alimlər Çində Tibet yaylasından götürülmüş 15 min illik iki buz nümunəsində onlarla çoxsaylı qədim virus növü aşkar ediblər, özü də bunların çoxu hələ də elmə məlum deyil.

RegionTV.info   xəbər verir ki, tədqiqatın nəticələri “Microbiome” jurnalında dərc olunub.

Ohayo Dövlət Universitetindən olan amerikalı bioloqlar 2015-ci ildə Çinin qərbindəki Quliya buzlağından götürülən buz nüvələrini analiz edərək dördü daha əvvəl müəyyən edilmiş, 28-i isə heç bir müasir virusa bənzəməyən 33 virusun genetik kodlarını aşkar ediblər.

Buzlaqlar ətraf mühitdən toz hissəciklərini, qaz izlərini, mikrobları və bitki maddələrini “aldığından” Yerin tarixi haqqında çox sayda məlumat saxlayır. Alimlər buzlaqların qazılması nəticəsində əldə edilən buz nüvələrini öyrənərək vaxtilə iqlimin, atmosferin tərkibinin necə olması və tarixin müxtəlif anlarında hansı bioloji növlərin mövcud oldması barədə məlumatlar əldə edirlər.

“Bu buzlaqlar tədricən əmələ gəliblər, toz hissəcikləri və qazlarla bərabər, orada çox sayda virus da toplanıb. Çinin qərbindəki buzlaqlar yaxşı öyrənilməyib və məqsədimiz bu məlumatları keçmişdəki mühiti əks etdirmək üçün istifadə etməkdir. Viruslar da bu mühitin bir hissəsidir”, - press-relizdə məqalənin aparıcı müəllifi, Ohayo Dövlət Universitetinin Qütb və İqlim Araşdırmaları Mərkəzinin və Mikrobiom Tədqiqat Mərkəzinin mikrobioloqu Çji-Pin Çjondən (Zhi-Ping Zhong) sitat gətirilib.

Alimlərin fikrincə, aşkar olunan virusların ən az yarısı buz əridikdən sonra həyata qayıdıb. Bu, çox vacib məlumatdır, çünki Tibetin buzlaqları hər il ölçücə azalır və onların əriməsi ilə qədimi viruslar üzə çıxır.

“Bunlar ekstremal şəraitdə inkişaf edə bilən viruslardır. Onlarda çox soyuqda hüceyrələrə yoluxmağa kömək edən gen imzaları var”, - tədqiqatın digər iştirakçısı, Ohayo Dövlət Universitetinin mikrobiologiya üzrə professoru və Mikrobiom Tədqiqat Mərkəzinin direktoru doktor Metyu Sallivan (Matthew Sullivan) izah edir.

Bu imzaları “oxumaq” üçün müəlliflər buzdakı mikrobların və virusların genetik materiallarını çirkləndirmədən öyrənməyə imkan verən yeni ultratəmiz buz sterilizasiya üsulu hazırlayıblar, çünki müasir mikroblara yoluxma bu cür tədqiqat üçün ciddi problemdir.

“Ola bilsin, bu metod bizə digər eksperimental buzlaq şəraitində, məsələn, Marsda, Ayda və ya bizə daha yaxın yerdə - Atakama səhrasında genetik ardıcıllıqlar tapmağımıza kömək edəcək”, - Sallivan deyir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də