Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərin deputatı Samuxda Vətən Müharibəsi şəhidlərinin ailəsinə baş çəkdi - FOTOLAR

RegionTV.info                                                                                                 
İyulun 20-də Kəlbəcərin deputatı Aqil Məmmədov Samux rayonunda məskunlaşmış Kəlbəcərdən məcburi köçkün olan 2 şəhid ailəsi ilə görüşüb. Əvvəlcə rayonun Seyidlər kəndində əslən Kəlbəcərin Güneypəyə kəndindən olan şəhid Şəfiyev Daşqın Hidayət oğlunun məzarı ziyarət olunub və şəhidimizin ruhuna Quran oxunub, məzarına gül dəstəsi qoyulub. Daha sonra kənddə şəhidin adını daşıyan bulaq kompleksi ziyarət olunub. Ondan sonra millət vəkili şəhidin ailəsinə baş çəkib və onların qayğıları, problemləri ilə maraqlanıb. Şəhidin atası Şəfiyev Hidayət İmamqulu oğlu 44 günlük Vətən Müharibəsindən bir neçə ay öncə "Unibank"dan 10 min manat kredit götürdüklərini və həmin krediti də oğlunun ödədiyini bildirib. Oğlu şəhid olduqdan sonra ailəsinin həmin krediti ödəmək imkanında olmadığını bildirib və millət vəkilindən bu məsələdə onlara dəstək göstərilməsi xahiş edib. Millət vəkili şəhid atasının problemini adıçəkilən bankın rəhbərliyi ilə müzakirə edəcəyinə, kompromis variant tapılması üçün çalışacağına söz verib. Aqil Məmmədov şəhid ailəsinin Qurban bayramını təbrik edib və təkcə kəlbəcərlilərin deyil, bütün Azərbaycanın onlarla qürur duyduqlarını bildirirb, qəhrəman övladlarına Allahdan rəhmət diləyib. Bundan sonra növbəti görüş rayonun Karayeri kəndində olub. Əvvəlcə kənd qəbiristanlığında şəhid Bəylərov Seymur Səlyəddin oğlunun məzarı ziyarət edilib, ruhuna Fatihə oxunub və gül dəstəsi düzülüb. Kəlbəcər rayon Böyürbinə kənd sakini olan şəhidimizin atası Bəylərov Səlyəddin Rza oğlu, anası Bəylərova Gülgəz Hüseyn qızı Qurban bayramı günündə onların ailəsini ziyarət etdiyi və qayğıları ilə maraqlandığı üçün millət vəkilinə təşəkkür ediblər və övladlarının şəhadətə qovuşmasından qürur hissi keçirdiklərini bildiriblər. Bəylərovlar ailəsinin də Qurban bayramı təbrik edilib və növbəti Qurban bayramının doğma Kəlbəcərdə keçiriləcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, millət vəkilini Kəlbəcər rayon icra hakimiyyətinin əməkdaşları və Moderator.az saytınlın rəhbəri, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə müşayiət edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də