Bakıda ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RegionTV.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasdaa hökm oxunub.
Məhkəmənin hökmü ilə Rəna Sofiyeva 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2019-cu il iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb.
Cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib.
Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.
Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.
Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb və hesab edib ki, o, nəyisə gizlədir.
Aparılan istintaq zamanı müəyyən edilib ki, kişiyə 17 bıçaq zərbəsi endirilib. Araz Sofiyevə divanda oturanda hücum edilib.
Qətl zamanı evdə Sofiyevlərin 15 yaşlı oğlu və öldürülən şəxsin qayınanası da olub. Onlar iddia ediblər ki, yatmış olublar, buna görə də heç nə eşitməyib və görməyiblər.
İlkin dindirmə zamanı Rəna Sofiyeva bildirib ki, üzlərini maska altında gizlətmiş cinayətkarlar onun ərindən pul tələb edib və münaqişə bu zəmində baş verib.
Ancaq münaqişənin səs-küylə müşayiət olunması qaçılmaz olardı. Kişiyə vəhşicəsinə divan tutmuş cinayətkarların cinayətin əsas şahidi olan qadına toxunmamaları da qəribə görünüb. Onlar yalnız qadının əlini yüngülcə yaralayıblar.
Məlumata görə, Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidə kişinin hərəkətini qeydə alıb. Lakin hələlik istintaq həmin kişinin kim olduğunu müəyyənləşdirə bilməyib.
İstintaq belə nəticəyə gəlib ki, Rəna Sofiyeva istintaqdan həqiqəti gizlədib.
Bu səbəbdən aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.
İstintaq orqanı tərəfindən Rəna Sofiyeva həbs edilib.
Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Rəna Sofiyeva kənd təsərrüfatı texnikalarının tədarükü üzrə ixtisaslaşan 4S şirkətinin keçmiş rəhbər müavini olub.
Qətlə yetirilən Araz Sofiyev müxtəlif vaxtlarda BP-Azərbaycan, Baltika-Bakı və Aqrovest İMP-də çalışıb.
Xəbəri paylaş