Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xüsusi günlərdə şəhid ailələrinin ziyarət olunmasına önəm verir.
RegionTV.info xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinijn deyilir ki, "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev özü mütəmadi olaraq şəhid ailələrini ziyarət etməklə yanaşı, onların nümayəndələrini qəbul edir, qayğıları ilə maraqlanır. Qurban bayramında da belə ailələr yaddan çıxmayıb. Belə ki, İstehsalat Birliyinin rəhbər şəxsləri – baş direktorun müavinləri Cahid Hüseynov, Rəşad Cavadov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə belə ailədə olmaqla onları Qurban bayramı münasibətilə təbrik ediblər. Onlara Birliyin adından bayram sovqatları təqdim olunub.
"Azəriqaz"ın nümayəndələri öncə şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. İstehsalat Birliyinin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib və onun adının işlədiyi müəssisədə daim uca tutulduğuna görə təşəkkür edib. Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Raufun bacısı Banu İbadova qurumda işlə təmin edilib.
Daha sonra "Azəriqaz"ın qocaman əməkdaşı, Hacıbəy Ulubəyovun ailəsinə baş çəkilib. Onun oğlu Nurəhməd Ulubəyov könüllü olaraq Vətən müharibəsinə yollanıb və Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İstehsalat Birliyinin rəsmiləri Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini də ziyarət ediblər. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti İdarəsində çalışır.
Şəhid ailələri onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş