“Ağdərənin azad edilməsi və Kəlbəcərə çıxış işğalçıların belini qıracaq"
Konfliktoloq Elxan Mehdiyev Qarabağ ətrafında son baş verən siyasi proseslərlə bağlı müsahibə verib.
- Elxan bəy, Rusiya və İranın son bəyanatlarını necə qiymətləndirirsiniz?
- Prezident Putin dünən verdiyi bəyanatla Rusiyanın mümkün müdaxiləsi ehtimallarına və Paşinyanın və bütövlükdə erməni cəmiyyətinin arzu və tələblərinə nöqtə qoymuşdur. Bu həmçinin Fransa prezidenti Makronun Putinə etdiyi təzyiqlərə də bir cavab olmuşdur. Bununla da Prezident Putin məsuliyyətli dövlət adamı olduğunu sübut etmişdir. Onun ardınca İran Ali rəhbəri Xameneyinin və Prezident Puhaninin bəyanatları, arxamızda DAĞ kimi durmuş Türkiyə ilə birlikdə bütün regional güclərin Azərbaycana dəstək verdiyinə gətirmişdir. Artıq Azərbaycan erməni qüvvələrini məhv etmək üçün qonşu regional güclərin sakit dəstəyini qazanmışdır. Bizim üçün də həyati dəstəyin bu ölkələrdən olması məsələnin həll edilməsinə açar rolunu oynayır.
İndi bu işi qısa zamanda, ağıllı və yüksək peşəkarlıqla yarımçıq yox, tam və qəti olaraq həll etmək lazımdır. Bu nə deməkdir? Söz indi Azərbaycan ordusundadır və onun arxasında tək bir güc olaraq dayanmış Azərbaycan xalqındadır. Ordumuz bütün torpaqları ağır zərbələr vurmaqla erməni işğalından azad etməyə tam cəsarətlə və heç bir tərəddüd etmədən davam etməlidir. Digər tərəfdən, əməliyyat nə qədər qısa müddət ərzində sonuclanarsa, o qədər Azərbaycanın xeyrinə olacaqdır. Düşmən ordusu başıpozuq duruma düşmüş, amma hələ də mühüm yerlərdə müqavimət göstərməkdə israrlıdır. Hərb elmi bu cür hallarda düşmən qüvvələrinə gözləniləndən də dəfələrlə artıq ağır zərbələr endirilməsini deyir. Bu cür zərbələr qarşı tərəfi tam demoralizə edir və hərbi qüvvələri idarəolunmaz və inamsız hala salır. Bu cür olduqda artıq düşmən qüvvələrinin əsir alınması və ya məhv edilməsi ortaya çıxır və ya ən yaxşı halda silahlarını atıb qaçması ilə müşayət olunur. Biz bu sonuncu hala Cəbrayıl istiqamətində şahid olduq.
Azərbaycanın bu məsələni tam və qəti həll etməsi üçün bu işi yarımçıq qoyması bizi yenə də çıxılmaz dalana sala bilər. Prezident İlham Əliyev yarımçıq həllin bizi qane etmədiyi haqda hələ əməliyyatlar başlamadan öncə söyləmişdir. Bu cür regional dəstək və Azərbaycan xalqının və dövlətinin inanılmaz fədakarlığı bu işin tam və qəti həll edilməsini təmin edir. Tezliklə Ağdərənin azad edilməsi və Kəlbəcərə çıxış işğalçıların belini qıracaqdır.
- Siz Azərbaycan XİN-nin sülh danışıqları üçün görüşlərdə iştirak etməsinə necə baxırsınız?
- XİN-in və ya bizim rəhbərliyin hər hansı bu cür danışıqlarda iştirakı müharibə aparan ölkə üçün faydalıdır. O əksinə bizə qarşı yönələn qüvvələrin təsir və təzyiq imkanlarını zəiflədir və müəyyən mənada heçə endirir. Bu danışıqların əsas qayəsi atəşkəs olmasıdır və açıq verilən bəyanatlarda isə qeyd - şərtsiz və ya ilkin şərt olmadan atəşkəs olmasına çağırışlardır. Bu çağırışlara cavabı, yəni hansı şərtlərdə atəşkəs olacağını İlham Əliyev qəti şəkildə vermişdir və ermənilərin niyyətinin nədən ibarət olduğunu və əgər indiki şəraitdə atəşkəs olursa ermənilərin necə davranacağnı İlham Əliyevdən yaxşı bilən başqa heç kim yoxdur. Bunu heç şərh etməyə də ehtiyac yoxdur. Qoy indi də onlar atəşkəs danışıqları prosesi ilə məşğul olsunlar. Bizim işimiz indi torpaqları azad etməkdir və bu cür danışıqlar əksinə bizim xeyrimizədir və ordumuzun əməliyyatlarını tərəddüdsüz şəkildə aparmağa imkan verən bir diplomatik dəstək yoludur. Biz öz hərbi məqsədlərimizə çatanda özümüz atəşin davam etməsinə ehtiyac qalmadığnı bəyan edəcəyik. Əsas məsələ erməni ordusunun məhv etməklə bütün torpaqlar üzərində hakimiyyəti bərpa etməkdir. Və erməni qüvvələrini mühasirəyə alıb onları təslim olmağa tələb etməkdir. Biz məsələni köklü həll etməliyik. Tam hərbi qələbə bizə statusu da özümüz həll etməyə imkan verir. Yoxsa, oranı onların nəzarətində qoysaq bu məsələ sona qədər həll olunmaz.
- İndiki dönəmdə Azərbaycanın səsi xarici ölkələrə lazımi səviyyədə çatırmı?
- Bilirsiniz, indi hər kəs əsgər olmalıdır. Hər kəs özündən soruşmalıdır ki, əsgərimiz cəbhədə vuruşur, bəs mən nə edirəm? Sadə vətəndaşların öz işi olduğu kimi intellektual qüvvələrin də öz işi var. Bu gün rus dili və başqa xarici dilləri bilən QHT üzvləri, ekspertlər, universitet müəllimləri, yaradıcı təşkilatların nümayəndələri, parlament üzvləri harada kimin imkanı varsa yazılar yazmalı, televiziyalara çıxmalı və özləri də təşəbbüsdə olub əlləri çatan yerlərə çıxıb sözlərini söyləməlidirlər. Yoxsa hər şey dövlət orqanları üzərində omalı deyil. Burada Prezident İham Əliyevin çıxışları təbii ki bütün dünyada ilk öncə yayılır. Amma qalan hər şeyi sadəcə Hikmət Hacıyevin üstünə yıxmaq da mümkün deyil. Onun fiziki olaraq da bunu daşıması çətindir. Bu baxımdan hökümətdə xarici mətbuat və TV-lə işləyən dairəni genişləndimək lazımdır. Buna çox ehtiyac var. Mənim dəyərləndirdiyim, məsələn Araz Əzimov və Elçin Əmirbəyov kimi təcrübəli mütəxəssislərin burada aktiv iştirakı informasiya müharibəsi zamanı gücümüzü artırar.
- Sizcə Fransanın münasibəti və son zamanlarda ortaya düşməsi nədən qaynaqlanır?
- Əslində bunu Fransanın yox, Makronun münasibəti və ya onun hökümətinin münasibəti kimi dəyərləndirmək düzgün olardı. Fransanın öncəki Prezideni Jak Şirak çox məsuliyyətli dövlət adamı idi və sonrakı Sarkozi və Ooland da düşüncəsi nə olsa da Azərbaycanla bağlı hər hansı bir fikirlər söyləməmişdi. Bakıdakı Fransa səfirliyinin bu işlə məşğul olan diplomatları da hər zaman Azərbaycanın mövqeyinin düzgün olduğunu dəfələrlə görüşlərimizdə bildirmişlər. Ermənistanın bu cür hiylələrlə nə qədər davam edəcəyi haqqında həmişə qayğılanırdılar. Fransadan olan əvvəlki həmsədrlərlə mən çox görüşmüş və uzun söhbət etmişəm və onlar sonucda hər zaman Azərbaycan torpaqlarından ermənilərin çıxmasını öncəliklə vurğulamışlar. Status məsələsində də Azərbaycandan ayrılmaq statusu heç bir zaman onların dediyi kimi müzakirə mövzusu olmamışdır.
Mən sizə bir sirr də açım. Əvvəllər Fransa şirkətləri Azərbaycanda bizim T-72 tanklarını da modernizə etməyə çox çalışırdılar. Və mən Romada İtaliya Prezidenti ilə qəbulda olduğum zaman orada bu işlə məşğul olan Fransa şirkətlərinin nümayəndəsi mənə bu təklifləri verdilər və mən bu təklifləri bizim MN-ə verdim, amma bizimkilər onu sonra qəbul etmədi. Yəni demək istəyirəm ki, bu bilavasitə Makronun daha çox şəxsi hisslərindən doğur və onun erməni yanlısı və hədsiz anti-Turkiyə baxışlarından qaynaqlanır. Makron Avropada indi özünün ən güclü lider olduğunu sayır və Avropa adından danışmağa çalışır. Amma bu cür məsuliyyətsiz bəyanatları ilə artıq özünü gülünc vəziyyətə salmışdır. Onu nə Amerika sayır, nə də NATO. O, NATO-ya beyin ölümü keçirmiş təşkilat deyirsə, ona orada kim hörmət edər? Yəqin ki, ona ən düzgün cavabı da Prezident Trampın alqışladığı Prezident Ərdoğanın sözləri oldu. Makronun özü beyin ölümü keçirir. Bizim bu gün işimiz heç də Makron deyil. Azərbaycan ordusu onların hamısını birdəfəlik susduracaq. İndi bizim işimiz ancaq İRƏLİ getməkdir.Moderator