“Rusiya Türkiyə cəbhəsində Ermənistanın mütləq strateji müttəfiqidir, ancaq Azərbaycan cəbhəsində qismən...”
“Rusiya-Ermənistan strateji müttəfiqliyi Ermənistan üçün çox dəyərlidir, çünki Rusiya Ermənistan sərhədlərinin Türkiyə tərəfədən toxunulmazlığını təmin edir. Bununla da Ermənistan ordusuna mövcud qüvvə və vasitələrin hamısını Azərbaycan istiqamətində sərbəst cəmləşdirmək imkanı verir.”
Moderator.az xəbər verir ki, bu sözləri işğalçı ölkə mediasına erməni hərbi tarixçisi Armen Ayvazyan söyləyib.
“Üstəlik, Gümrüdəki 102-ci Rusiya bazası, yüksək ehtimalla, Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış şimal-şərq və cənub-qərb (Naxçıvan) sərhədləri istiqamətindən cəbhəni pozmağa və ölkəmizin ərazisinə nüfuz etməyə cəhd göstərməsi halında da istifadə ediləcəkdir. Rusiyanın Ermənistandakı hava hücumundan müdafiə və raket əleyhinə müdafiəsi vahid bir strukturda birləşdirilmiş və birlikdə böyük şəhərlərə, strateji obyektlərə, ilk növbədə İrəvan, Gümrü və Ermənistan AES-ə mümkün raket və hava hücumlarının dəf edilməsində iştirak etməli olacaqlar”- fikirlərinin davamında Ayvazyan belə deyib.
Qəsbkar ölkənin üzdəniraq hərb tarixçisi bilavasitə Qarabağ cəbhəsində gedən proseslərə də toxunub.
“Əsas tərəfdə - Qarabağ cəbhəsində ermənilər hələ də təkbaşına döyüşmək məcburiyyətində qalacaqlar. Bu arada Rusiya-Ermənistan strateji müttəfiqliyi sayəsində Ermənistanın Rusiyadan daxili, Avrasiya İqtisadi İttifaqı qiymətlərinə və həm də əlverişli kredit müqavilələri çərçivəsində silah alması da vacibdir. Deyilənlərdən aydın olur ki, Rusiya, təkrar edirəm, Türkiyə cəbhəsində Ermənistanın mütləq strateji müttəfiqidir, ancaq Azərbaycan cəbhəsində qismən...” -deyə erməni hərb tarixçisi ermənilərin çətin durumda olduqlarını etiraf edib.
Xəbəri paylaş