Nazirlər Kabineti “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nda dəyişiklik edib.
"RegionTV.info" xəbər verir ki, dəyişiklik məcburi köçkünlər üçün bir sıra imtiyazları ehtiva edir.
Belə ki, sənədə əsasən, məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin olunması zamanı onların Vətən Müharibəsi Qəhrəmanı ailəsi olması nəzərə alınacaq.
“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə edilən dəyişikliklə Vətən Müharibəsi Qəhrəmanları xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı imtiyazlı hesab ediləcək və ödənişdən azad olunacaq.
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda da dəyişiklik olunub.
Dəyişiklikdən əvvəl məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinət şamil edilməmişdi.
Məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə də aylıq müavinət şamil olunmamışdı.
Bu zaman Milli qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olub. Artıq bu istisna sırasına Vətən Müharibəsi Qəhrəmanı ailələri də daxildir.
Eyni zamanda, Nazirlər Kabineti “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Dövlət bayrağının istifadəsi Qaydaları”nda da dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş, “Qarabağ” ordeni və “Zəfər” ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstəriləcək.
Xəbəri paylaş