"Sizə iki fakt deyəcəyəm".Bunu RegionTV.info-ya açıqlamasında ermənilərin son günlər yenidən müxtəlif istiqamətlərdə atəşkəsi pozmaları faktını şərh edən peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.Polkovnik bildirib ki, Rusiya sülhməramlıları ya 10 noyabr bəyanatının şərtini yerinə yetirməlidir, ya da antiterror əməliyyatı başlamalıdır:
"1990-cı ilin axırları, 1991-ci ilin əvvəlləri idi, o vaxtı da ermilərlə azərbaycanlılar arasında ruslar dayanırdılar. Hər bir Azərbaycan kəndi ilə erməni kəndi arasında SSRİ daxili qoşunlarının qüvvələri dayanırdı, indiki dildə desək, sülhməramlılar. Güya ki, bizi bir-birimizdən qoruyurlar. Onların sayı cəmi 8, 9 nəfərdən ibarət idi, amma ərazi hektarlarla ölçülürdü. Yəni mütləq deyil ki, hansısa bir silahlı, diversant gəlsin onların postundan keçsin. Diversant istəsə başqa yerdə də çox rahatlıqla fırlanıb, keçə bilərdi. Biz də fırlanıb keçirdik, onlar da fırlanıb keçirdilər. Yəni deməyim odur ki, 1988-ci il təkrarlanır.
Bunu mənə yüksək rütbəli rus zabitləri də deyibDemək, 1991-ci ilin əvvəli idi, Şuşa ilə Xankəndinin arasında Ağa körpüsü var idi. Ermənilər ruslara (SSRİ daxili qoşunlarının qüvvələrinə - red) pul vermişdilər ki, sən sürücünün başını qat, biz Kamaz-ın altına bomba qoyacağıq. Bunu İsmət Qayıbov (Azərbaycan Respublikasının ilk Baş Prokuroru) sübut etmişdi və həmin erməniləri tutub, Şuşa türməsinə basmışdılar. Demək, rus əsgəri də gedib, Kamaz sürücüsündən sənəd tələb edib, bu məqamda kabinkanın altına saat mexanizmi ilə işləyən bomba qoymuşdular. Və cəmi 20 dəqiqədən sonra həmin Kamaz Şuşa yolunda partlamışdı.
Rus həmişə deyir ki, "mənim silahımın lüləsi neytraldır. Kim mənə çox pul versə, pul verməyən tərəfdən onu qoruyacağam. Bunu mənə yüksək rütbəli rus zabitləri də deyib, briqada komandirləri də deyib. Mən rus ordusunda 14 il xidmət etmişəm. Mənim ruslarla zabit kimi çox səmimi söhbətlərim olub. Özləri etiraf edirdilər ki, mənim silahımın lüləsi neytraldır. Bu, faktdır, həqiqətən də belə olub.
Sürünə-sürünə yaxınlaşdım o maşına...Həmin ərəfələrdə Xankəndinə çatmamış sərnişin avtobusu partladıldı. Eyni mənzərə - əsgər sürücünün başını qatıb, sənəd tələb edir, erməni gəlib həmin avtobusun altına bomba qoyur. Yəni ruslar 1990-cı illərin əvvəllərində də pul alıb, belə işlər çox görüblər.
Açıq bir söz deyim, hər bir insana can şirindir. Ruslara o qədər isti-soyuğu yoxdur ki, onlar xidməti vəzifəsini layiqincə yerinə yetirsinlər. Və yaxud da rus əsgərinə kifayətdir ki, bir butulka araq verəsən və icazə istəyəsən. Mən bunun dəfələrlə şahidi olmuşam. Bir gün (I Qarabağ müharibəsindən qabaq) cəmi bir Qaz-66 maşınla Şuşanın Malıbəyli kəndi atəşə tutuldu. Sürünə-sürünə yaxınlaşdım o maşına. Gördüm maşının arxası doludur erməni qadınlarla, hamısı da lül-piyan. Azərbaycan kəndini məcbur edirlər ki, bunlara atəş açsınlar. Yəni ermənilər elə hiyləgərdilər ki, mən bir hərbiçi kimi deyirəm ki, 1988-ci il təkrar olunur. Sadəcə olaraq o vaxt onlar 366-cı Motoatıcı Alayın sayəsində çox güclü idilər, indi Azərbaycan güclüdür.
Ermənilər bunun profesionallarıdırOna görə də bu hiyləgərlik ermənilərdə varsa, bundan sonra onların təxribat planlarını çox görəcəyik. Prezident, Ali Baş Komandan elan edəndə ki, biz Zəfər yolu çəkəcəyik, bir hərbçi kimi ağlıma ilk gələn ermənilərin terror planları oldu. Yəni meşələr mövsümə görə yaşıllaşacaq, hər yer kol-kos, ətraf maskalanacaq, bu da erməni terroruna zəmin yaradacaq. Ermənilər bunun profesionallarıdırlar. Belə hadisələr çox olacaq, ta o vaxta kimi ki, Azərbaycan antiterror əməliyyatı aparacaq. Buna da hüququ çatır, etməlidir.
Həmin illərdəki hadisələr təkrar olunacaqXankəndindən separatçı rejimin silahlı qalıqları çıxarılmayana qədər ermənilərin işğaldan azad edilmiş ərazilərdə terror əməlləri, təxribatları davam edəcək, qurbanlar çox olacaq. Məsələn, 1991-1992-ci illərdə belə bir tendensiya, "dəb" yaranmışdı: Əgər bu gün 3 erməni ölürdüsə, sabah 6 azərbaycanlı ölməlidir. Əgər bu gün 5 nəfər azərbaycanlı ölürdüsə, sabah 10 erməni ölməlidir, qana qan idi. Ya Azərbaycan qarşısına dəqiq məqsəd qoyub, bu terroristləri oradan çıxarmalıdır, ya da ki, həmin illərdəki hadisələr təkrar olunacaq. Bunu da yenə rusların əli ilə edəcəklər.
Haqq-hesaba qadınları qatacaqlar2003-cü ildə mən Ağdamda yüksək vəzifəli komandir idim. Mən həmin vaxt həmişə ermənilərin bir-birləri ilə "rasiya" ilə danışıqlarını tuturdum. Erməni komandirləri bir-biri ilə danışırdılar ki, "qardaş, qurban olum sənə, atmaq, qıcıqlandırmaq lazım deyil", yəni bizi nəzərdə tuturdular. O biri də buna cavab verirdi ki, "qardaş, mən öhdələrindən gələ bilmirəm. Hamısı muzdlulardı, içirlər, atırlar, içirlər, atırlar". Onların ordusunda heç vaxt nizam-intizam olmayıb, yiyəsizxana olub həmişə. Mən sizə faktları sadaladım. Yəni biz antiterror əməliyyatı aparıb rus sülhməramlılarının nəzarətindəki ərazilərdən erməni silahlı birləşmələrini çıxarmasaq, bu, rusların əli ilə yenə olacaq, 1988-ci illərin hadisələri təkrarlanacaq - haqq-hesaba qadınları qatacaqlar, içkini qatacaqlar, pulu qatacaqlar, terror da olacaq. Bunun baş verməməsi üçün ya antiterror əməliyyatı olmalıdır, ya da ki, həmin ərazilərdən bütün erməni silahlıları son nəfərinə kimi çıxarılmalıdır. Onlara vaxt qoyulmalıdır ki, məsələn, bir aya kimi vaxt veririk. Necə ki, Ağdam, Kəlbəcər, Laçın edildi.
Azərbaycan antiterror əməliyyatına başlayacağını elan etməlidirBiz onlara 10 gün vaxt verdik ki, o rayonlardan (Ağdam, Kəlbəcər, Laçın) daşınıb getsinlər. Onlar isə bu müddət əvəzində həmin əraziləri minaladılar. Yən, ermənilərə etibar yoxdur. Ya biz hücum edib, bütün erməni separatçılarını tərksilah etməliyik, ya da rus sülhməramlılarına vaxt qoymalıyıq ki, 10 noyabr bəyanatının müddəasını icra etsinlər. İcra etməyəcəyi təqdirdə Azərbaycan antiterror əməliyyatına başlayacağını elan etməlidir. Bunun üçün də Azərbaycanda hər şey var.
Xankəndi və onun ətrafı üçün 2 gün vaxt lazımdır44 günə o boyda ərazini qaytaran adama Xankəndi və yaxud onun ətrafı üçün 2 gün vaxt lazımdır. Cəmi 2 gün...".