RegionTV.info
Məlum olduğu kimi, bu il iyunun 26-da Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb. Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı tədbirdə dərin məzmunlu, parlaq nitq söyləyib. Dövlətimizin başçısının dilindən səslənən fikir və mülahizələr ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi doğurub. Möhtərəm Prezidentimizin ölkəmizdə ordu quruculuğu, xalqımızın İkinci Qarabağ müharibəsindəki tarixi zəfəri, regionda yaranmış yeni reallıqlar və sair aktual məslələlərlə bağlı fikirləri tarixi əhəmiyyət kəsb edir. Azərbaycan bu gün öz qədim tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev görüşdə dedi: “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır”. Azərbaycanın böyük uğuru, ilk növbədə ölkəmizdə hökm sürən xalq ilə iqtidar arasında sarsılmaz birlik sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı öz liderinə sonsuz dərəcədə inanır və tamamilə güvənir. Bu sonsuz inam Prezident İlham Əliyevin 18 illik müdrik idarəçilik siyasətindən qaynaqlanır. Ali Baş Komandan xalqından inam və güc aldığı kimi xalq da bir yumruq kimi öz müdrik liderinin ətrafında birləşib. Güclü lider, yenilməz xalq hər şeyə qadirdir.
Vətən Müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi. Qalib xalqın hər bir hərbiçisi qəhrəmandır. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Xalqımız birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyasını şərəflə yerinə yetirdi. Bu gün çağdaş dünyanın ən görkəmli tarixi şəxsiyyətlərindən olan Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan regionun bütün sahələrdə, o cümlədən hərbi sahədə lider dövlətidir. Heç bir ölkə bundan sonra xalqımızın bir qarış torpağına belə göz dikə bilməz. “Dəmir yumruq” hər zaman yerindədir!
Aydın İsmayılov,
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İnformasiya təminatı və təhlil sektorunun müdiri
Xəbəri paylaş