Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.Qurumdan RegionTV.info-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş