Məlum olduğu kimi, futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində iyulun 3-də Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka oyunu zamanı bir qrup azarkeş tərəfindən LGBT bayrağı dalğalandırılıb.
Polislər dərhal müdaxilə edərək, LGBT bayrağını stadiondan yığışdırıb.
Bundan sonra bəzi Avropa KİV-ləri Azərbaycanı bu addıma görə tənqid edib.
RegionTV.info məsələ ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslının fikirlərini öyrənib.
Partiya sədri qeyd edib ki, bizə yad olan idealogiyaları təbliğ etmək dəyərlərimizə təcavüzdür:
"Dünya mediası bundan yazmaqdansa, getsin uyğurlardan yazsın, Fələstində öldürülən uşaqlardan yazsın, İraqda tapdalanan hüquqlardan yazsın. Bilirsiniz, Azərbaycan müsəlman, türk, islam camiyəsinin yaşadığı bir ölkədir. Bizim milli-mənəvi dəyərlərimizə görə Allah insanı iki cür yaradıb: qadın və kişi. Biz də millət olaraq hüquqi və mənəvi baxımdan üçüncü cins tanımırıq. Ona görə də, bizə yad olan idealogiyaları gəlib burada təbliğ etmək bizim dəyərlərimizə təcavüzdür. Bu baxımdan mən polisin həmin addımını alqışlayır və dəstəkləyirəm. Ümumiyyətlə, biz bundan sonra beynəlxalq tədbirlərdə, idman tədbirlərində bunu bir şərt kimi qoymalıyıq. Azərbaycanın təmsil olunduğu heç bir beynəlxalq tədbirdə milli-mənəvi dəyərlərimizə zidd olan idealogiyaların təbliğinə yol verilməsin. Əgər yol verilirsə, şərt deyil ki, biz orada iştirak edək. Məsələn, bizə FİFA və ya UEFA şərt qoysaydı ki, orada LGBT bayrağı olsun, mən şəxsən o oyunun Bakıda keçirilməsinin əleyhinə olardım”.
Tural Abbaslı onu da qeyd edib ki, buna düzgün baxanlar o bayrağı öz evindən assın:
"Biz milli-mənəvi dəyərlərimizi müdafiə etməliyik, öz milliliyimizi qorumalıyıq. Avropa bu barədə nə deyirsə, özü bilər. Bizə Avropadan çox öz insanlarımızın mövqeyi maraqlıdır. Düzdür, bizdə də bu məsələyə onlar kimi yanaşan olur, amma onlar çox azdır. Onlar da ki, bəzi maraqlı əlaqələri olan dairələrdir. Mən Azərbaycan əhalisinin bu məsələyə neqativ baxdığını bilirəm. İndi iki-üç nəfər buna doğru baxırsa, onlar getsin o bayrağı öz evindən assın. Bu baxımdan heç kim bizdən loyallıq gözləməsin. Bu, heç loyalizm də deyil, geriyə dönüşdür, heyvanlığa dönüşdür. Bunun istənilən formasının ölkəmizdə təbliğinin əleyhinəyik və dövlətin də bu istiqamətdəki addımını dəstəkləyirik”.
Qeyd edək ki, UEFA EURO-2020-nin Azərbaycan və Rusiyada keçirilən oyunlarda sponsorların reklamlarında və azarkeşlərin LGBT bayrağından istifadə etməsini qadağan edib.
Xəbəri paylaş