Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

103 illik qocaman bir ömür – dara düşəndə dadımıza çatan şərəfli Azərbaycan Polisi…

Azərbaycan Polisi 103 yaşına qədəm qoydu. Bu qocaman ömürdə Polis şərəfi, polis ləyaqəti, polis peşəkarlığı ildən-ilə yüksəlişdədir. Biz bu gün Polisin hər addımda dəstəyini, yardımını hiss edirik.Bizi kimsə hədələyəndə, kimsə hücum çəkəndə, başımıza bir iş gələndə, burnumuz qanayanda, həyatımıza təhlükə olanda nə valideynlərimiz, nə qonşularımız yada düşür, dərhal Polisə üz tuturuq.
RegionTV.info bu mənada Azərbaycan Polisinin xidmətlərini müstəsna və misilsiz hesab edir. Xüsusən son illərdə həyatımızda baş verən katastrofik dəyişikliklər, yaşadığımız bu dünyada üzləşdiyimiz çətinliklər, pandemiya və 44 günlük müharibə dövründə Azərbaycan Polisinin fədakarlığını, vətənpərvərliyini, gecəsini gündüzünə qatıb çəkdiyi zəhməti xüsusi vurğulamalıyıq.Azərbaycan Polisi bizim qardaşımızdır, dostumuzdur, bütün vətəndaşlar ona etibar edir, inanır, dara düşəndə, çətinə düşəndə polis hayımıza çatır. Çünki ona olan etimad sarsılmazdır. Bu gün polis orqanları, bütövlükdə Daxili İşlər Nazirliyi cəmiyyətdə, dövlətdə elə bir mötəbər mövqe tutub ki, elə bir nüfuz və inam qazanıb ki, hər kəs ona güvənir. Gəlin etiraf edək ki, DİN ən operativ, ən həssas qurumdur, bütün müraciətləri araşdırır, mediada yayılan istənilən informasiyanın izinə düşür, problemi olan vətəndaşların məktublarını incələyir.
Təbii ki, bu sistemin peşəkarlığında, çevik və mobil fəaliyyətində Daxili İşlər naziri, cənab Vilayət Eyvazovun əməyi, prinsipiallığı, bəzən sərt, bəzən təkidlə olan mövqeyi böyük rol oynayır. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirən polisin bunun öhdəsindən layiqincə gəlir.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Bu qoşunlar öz sıralarından 66 şəhid vermiş, 346 əməkdaş isə yaralanmış və əlil olub. İkinci Qarabağ savaşında Daxili Qoşunlar da daxil olmaqla, DİN və onun strukturlarının xeyli sayda əməkdaşı göstərdikləri rəşadətə və qəhrəmanlığa görə orden və medallarla təltif olunublar. Biz indi daxili işlər orqanları əməkdaşlarının yeni obrazını, bu obrazda əvvəllər təsəvvürümüzə gətirə bilmədiyimiz yeni cizgiləri görürük. Bu cizgilərdə “Vətən oğlu”- ifadəsi aydınca görünür və oxunur. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı “mənim polisim” müraciətini sevə-sevə və qürurla səsləndirir. Yəqin ki, çoxlarınız Daxili Qoşunların əsgər və zabitlərinin cəbhədə şəhid olan silahdaşlarının dünyaya yeni gələn körpələrinin xəstəxanalardan çıxarılması mərasimini müşahidə etmiş, yaxud həmin mərasimin iştirakçısı olmusunuz.
Azərbaycan bayrağına bələnmiş körpəni öz övladı kimi köksünə sıxaraq onun atasının döyüş yolundan, qəhrəmanlığından danışan zabitin kövrək, lakin qürurverici çıxışını da dinləmisiniz.
Polis əməkdaşlarının müşayiəti ilə doğma ocağına qədəm qoyan körpənin arxasında dövlətin dayandığı açıq-aşkar görünür və hiss olunur.
Azərbaycan polisi də hər bir şəhid övladının bir addımlığında boy göstərir, qazilərin səfində yer alır. Budur müasir Azərbaycan polisinin obrazı…
Dövlət Yol Polisi əməkdaşlarını da unutmaq olmaz. Məhz onların səyi nəticəsində avtoxuliqanların, sərxoş halda avtomobil idarə edərənlərin sayı demək olar ki, yox dərəcəsindədir. Bu həm də qəzaların sayının azalması, piyadaların təhlükəsizliyinin təmin olunması deməkdir.
İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən, cəmiyyətə açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən bir struktur görürük.
Bu struktur həm də Avropa polis məkanına daxil olan, onun təcrübəsindən bəhrələnən və öz təcrübəsini də bölüşən böyük bir gücdür.
Azərbaycan polisi öz işini vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların tam təmin olunması istiqamətində ümumdövlət vəzifələrinin həyata keçirilməsi əsasları üzərində qurur. 103 yaşın mübarək, Azərbaycan Polisi!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də