“Tətillərin azaldılması, yay məktəblərinin təşkili vasitəsi ilə şagirdlərin biliklərini kompensasiya etməyi düşünürük”.
Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Xəzər TV-nin “Birinci Studiya” verilişində səsləndirib.
O, bu il baş verən hadisələrin təhsil sahəsinə ciddi təsir göstərdiyini deyib:
“Mart ayından etibarən ölkənin iki televiziyasında teledərslər yayımlanmağa başlayıb. Bu şagirdlər üçün dəstək xarakteri daşıyır, həmçinin, onların bilik və bacarıqlarını kompensasiya etməyə yönəlib. Biz digər dəstəkləyici tədbirlər görməyi də düşünürük. Ola bilər ki, tətillər azaldılsın, yay məktəbləri təşkil edilsin. Müəyyən qruplar üçün tədris ilinin müddəti də uzaldıla bilər. Hazırda nazirlikdə operativ müşavirələr keçirilir və qərarlar hər həftə müzakirə edilir, şəraitə uyğun qaydalar tətbiq ediləcək. Bu günə uyğunlaşdırılan tədris planına əsasən təhsil müəssisələrimiz öz fəaliyyətlərini davam etdirir. Cəbhəyanı bölgələrdə olan 468 məktəbdə isə dərs cədvəli dəyişdirilib”.
Qeyd edək ki, 15 sentyabrdan etibarən ölkəmizdə təhsil distant və əyani olmaqla hibrit formada başlayıb.