Rusiya mənşəli silahların İran İslam Respublikası ərazisindən Ermənistana daşınması Azərbaycan ziyalıları və fəalları tərəfindən kəskin tənqid olunub.
İstanbul Universitetinin doktorantı Fazil Qasımovun mövzuyla bağlı şərhlərini oxucularımıza təqdim edirik:
Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, mülki vətəndaşların təhlükəsizliyini təmin etmək, işğalçı separatçı qüvvələri, terror qruplaşmalarını beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmaq üçün anti-terror əməliyyatları həyata keçirir. Rusiya işğalçı Ermənistanı silahlandırmağa davam edir. Hərbi təyinatlı yüklər Ermənistana İran İslam Respublikası ərazisindən İran TIR-ları ilə daşınır. Dünya mediası isə Azərbaycanın anti-terror əməliyyatlarına hər vəchlə dini məzmun qatmağa çalışır. İran İslam Respublikasının Ermənistana dəstəyi, Azərbaycanın dünyəvi dövlət olması gözardı edilir.
Bugünə qədər Azərbaycan öz ərazilərinin İrana qarşı istifadə edilməsinə icazə verməyib. Ancaq İran öz ərazilərindən Azərbaycana qarşı istifadə edilməsinə şərait yaratdı. Dövlətlərarası münasibətlər qarşılıqlılıq (reciprocity) prinsipinə əsaslanır. Çox güman ki, Azərbaycan da bu prinsipə əsaslanıb, İrana qarşı siyasətində müvafiq dəyişiklik edəcək. Bu isə İran üçün çox arzuolunmaz nəticələr doğuracaq. Bu Azərbaycanın seçimi deyil, İran özü Azərbaycanı bu siyasətə vadar edir. İranın siyasi rejimi Azərbaycana dost, etibarlı tərəfdaş olmaqdan nümayişkaranə şəkildə imtina edib. İran siyasi rejimi Azərbaycanda separatçılığı, erməni vandalizmini dəstəkləyir. Əhalinin 60 faizi farslardan, 40 faizi digər millətlərdən təşkil olunan bir ölkə separatçılığı dəstəkləyirsə, bu siyasətin tezliklə öz ölkəsində separatçılığın artmasına səbəb olacağını nəzərə almalıdır. İran Azərbaycan ərazilərində ermənilərin ikinci dəfə müstəqil dövlət qurmaq cəhdlərini dəstəkləyərkən, İranda yaşayan azərbaycanlıların öz müqəddəratını təyin etmə haqqını tanıyır? Xeyr, tanımır. Bundan sonra, tanımağa məcbur olacaq...