Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha 2 hərbi qulluqçusunun meyiti tapılıb.
Bu barədə RegionTV.info-ya Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
"Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əmaliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılan müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik", - Mətbuat xidmətindən bildirilib.
Xəbəri paylaş