Keçmiş müdafiə naziri, gerenal-polkovnik Səfər Əbiyev bəyanat göndərib.
Bəyanatda deyilir:
"Sentyabrın 27-də səhər saatlarında işğalçı erməni silahlı bölmələrinin yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi qəflətən atəşə tutması nəticəsində Azərbaycan Ordusu güclü əks hücumla düşmənin onlarla canlı qüvvəsini və xeyli sayda hərbi texnikasını sıradan çıxarmış və ön xətti yararaq işğal altında olan ərazilərimizə daxil olmuşdur. Döyüşlər artıq bütünlüklə Qarabağ torpaqlarının azadlığı uğrunda gedir. Düşmənin böyük itkilərə məruz qaldığı barədə Azərbaycan dövlətinin rəsmi məlumatları, eyni zamanda Ermənistan tərəfin özünün etirafları göstərir ki, düşmən çıxılmaz durumdadır. Bataqlıqdan çıxmaq üçün yollar axtarır.
Vəziyyətdən xilas yolu axtaran Ermənistan Azərbaycan rəhbərliyinə atəşin dayandırılması və təcili danışıqlara başlamaq təklifi ilə müraciət etməsi göstərir ki, düşmən artıq Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman əsgər və zabitlərimizin qarşısında duruş gətirə bilmir. Əminəm ki, Ordumuz Cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsinə nail olacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına dönməsini təmin edəcəkdir.
Müharibənin getdiyi indiki gərgin günlərdə təxribatlara uymamaq, yalan və əsası olmayan məlumatların yayılmasına fürsət verməmək üçün hər kəs öz məsuliyyətini dərindən dərk etməlidir. Mən hamını, bütün Azərbaycan vətəndaşlarını dövlətin və Ali Baş Komandanın yanında olmağa, məsləhət və tövsiyyələrinə sözsüz əməl etməyə səsləyirəm. Qələbə bizimdir!!! Çünki haqq, ədalət bizimlədir!!!"