RegionTV.info
“Bu cür adamlar tutulub azad edildikləri üçün yenə eyni işlərlə məşğul olurlar”
“20 ilə yaxındır ki, “leş mafiyası” ilə “vuruşuram”. Dəfələrlə ifşa edilsələr də, yenə eyni işlə məşğuldurlar
Gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib.
Əməliyyat nəticəsində müəyyən olunub ki, Şəmkir rayon sakinləri Vaqif Əhmədov və oğlu Nicat Əhmədov Gəncə şəhər sakini Orxan Quliyevdən aldıqları mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırlayıblar. Daha sonra bu şəxslər həmin spirtli içkilərin Tərtər rayon sakini Bəxtiyar Əzimzadənin vasitəçiliyi ilə respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil ediblər.
Zaman-zaman xəstə və istifadəyə yarasız heyvan ətləri, vaxtı keçmiş müxtəlif qida məhsullarının satışına şahid oluruq. Son dövlər isə saxta spirtli içki satışını həyata keçirən dəstələr fəallaşıblar. Normalda sağlamlıq üçün zərərli olan içkilərin saxta versiyasının istifadə beş qat təhlükəlidir.
Baş verənlər barədə “Sherg.az”a danışan Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, AİİB-də istehlakçıların gətirdiyi çoxlu sayda saxta spirtli içki var:
“Belə şikayətləri illər boyu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yönlədirmişik. Təəssüf ki, həmin qurum illər boyu hansısa iş görməyib. Hazırda isə bu işə AQTA baxır. Lakin hər iki qurum istehlakçı hüquqlarının qorunması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qədər iş görə bilmir. Təəssüf ki, DİN-nin istehlakçı hüquqlarının qorunması sahəsində apardığı əhəmiyyətli işi məhkəmələr icra etmir. Müəyyən müddətdən sonra qanunsuzluğa yol verən həmin şəxsləri azadlığa buraxırlar. Ona görə də AİİB olaraq məhkəmələrin bu davranışını sərt tənqid edirik. DİN-in apardığı əhəmiyyətli işlərin mahiyyətini heəç endirən məhkəmələrlə ömrümün axırına qədər mübarizə aparmaq fikrindəyəm. Həmin adamlar azad edildikləri üçün yenə eyni işlərlə məşğul olurlar”.
E.Hüseynov təklif edib ki, bu sahə DİN-ə həvalə edilsin və onlar sona qədər qərar qəbul etmək səlahiyyətində olsunlar ki, məhkəmələr qanunsuzluq edən həmin şəxsləri azad edə bilməsin:
“20 ilə yaxındır ki, “leş mafiyası” ilə “vuruşuram”. Dəfələrlə ifşa edilsələr də, yenə eyni işlə məşğuldurlar. Belə halların qarşısının alınmasında bələdiyyələri və sahə müvəkillərini günahlandırıram. Çünki onların gözləri qabağında bu cür qanunsuzluqlar yaşanır. Təəssüf ki, həmin qurumlar vəziyyətin yaxşılaşmasına kömək etmirlər”.
Xəbəri paylaş