RegionTV.info
Dünəndən hər kəs Fulya Öztürkdən danışır. Daha doğrusu, onun haqqında çəkiləcək filmdən...
İndi sosial şəbəkələrin Azərbaycan seqmentində onun haqqında çəkiləcək filmlə bağlı müzakirə aparanlar iki qrupa bölünüb. Bəziləri deyir ki, əcəb edib film çəkirlər, bir qismi isə düşünür ki, yox, düz eləmirlər. Mən isə deyirəm ki, düz edirlər, əcəb edirlər, əllərinin içindən gəlir. Soruşa bilərsiniz ki, niyə?
Birincisi, 44 günlük Vətən müharibəsinin qulağı və gözü Fulya Öztürk idi. Dünyada təklənmiş Azərbaycanın haqq səsini bütün dünyaya çatdırırdı.
İkincisi, onun şəxsi həyatı haqqında film çəkmirlər. Çəkilən film Fulya xanımın Qarabağ fəaliyyətini, reportyor kimi qətiyyətini, cəsarətini ortaya qoyacaq.
Üçuncüsü, bu o Fulyadır ki, ermənilərin Gəncə, Bərdə, Tərtərdə - mülki obyektləri hədəf almasını anbaan lentə köçürmüşdü. Hətta azərbaycanlı jurnalistlərin, media qurumlarının da gözü onda olurdu. Çünki hadisələrin episentrində məhz O İDİ..
Dördüncüsü, bütün bunları nəzərə alsaq görərik ki, onun haqqında çəkiləcək filmlə erməni təcavüzü bir daha dünya tamaşaçısının gözləri önünə səriləcək.
Haqqımızı dünyaya car çəkənlərin haqqını artıqlaması ilə ödəyək ki, sabah yanımızda olanların sayı daha çox olsun! Onun haqqında ağızlarına gələni danışanlar isə burnunun ucundan o tərəfi görməyənlərdir.
FULYA ÖZTÜRK haqqında çəkiləcək filmdə şəhidlərimiz də olacaq, qazilərimiz də, dəmir yumruğa dönmüş Vətənimiz də... Cənablar, gəlin bu dəmir yumruğun düyünlərini boşaltmayaq. Fulya bizim 30 illik xülyamızın gerçəkləşməsini tarixin yaddaşına köçürən bir türk xanımıdır. Özü də özümüzündür, öz türkdür. Buna görə, məhz buna görə Fulya Öztürk haqqında çəkiləcək film onun ana südü kimi haqqıdır!
Xəbəri paylaş