Universitetlər təhsil haqlarını artıracaq – təhsil ictimaiyyəti narahatdır
Tarix: 19-06-2021, 10:17 Xəbərə baxış: 166
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fərman uzun illərdir Azərbaycanda müzakirə olunan problemin aradan qalxması istiqamətində atılan ciddi addımdır. Təhsil ictimaiyyətinin, tələbələrin çoxdan gözlədiyi tələbə təhsil kreditinin nəhayət reallaşması təqdir edilməklə yanaşı, bəzi narahatlıqlar da yaradır. Məsələ təhsil kreditlərinin verilməsinə başlandıqdan sonra universitetlərin təhsilhaqlarını qaldırıb-qaldırmayacağıdır.
RegionTV.info-ya bununla bağlı açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirdi ki, fərman ölkə vətəndaşlarının təhsilə əlçatanlığının təmin edilməsi istiqamətində atılmış vacib addımdır: “Biz hər il müşahidə edirik ki, yüzlərlə tələbə məhz təhsilhaqqını verə bilmədiyi üçün universitetdən ya özü imtina edir, ya da uzaqlaşdırılır. Amma təhsil kreditinin verilməsi ilə bu problem aradan qalxacaq. Bununla yanaşı, digər bir problem də bizi narahat etməkdədir: universitetlər təhsilhaqlarının artırılmasında maraqlı olacaqlar. Bilirsiniz, ayrılmış kredit tələbənin özünə verilməyəcək, birbaşa universitetə köçürüləcək. Bu isə universitetlərin təhsilhaqlarını artırmasına, dövlətdən daha çox pul almağa maraq göstərməsinə səbəb olacaq. Arada əziyyət çəkən yenə tələbələr olacaq. 10, 15, 20 il müddətində o krediti tələbə ödəyəcək. Düşünürəm ki, mütləq bu istiqamətdə ictimai qınaq təşkil etməliyik, bu məsələni diqqətdə saxlamalıyıq ki, universitetlər bu addımı atmasınlar”.
E.Əfəndinin sözlərinə görə, hazırda ölkə ali təhsil müəssisələrində təhsil haqları 900 manatdan başlayır 7 min manatadək artır, orta ixtisas təhsil müəssisələrində isə 500-1200 manat həddindədir: “Burada əlbəttə, hər iki təhsil müəssisələri artıma gedə bilərlər. Bacardığımız qədər bu məsələnin üzərinə getməklə nəyəsə nail ola bilərik. Bu gün bir tələbə 1000 manatlıq təhsil haqqını ödəyə bilmirsə, universitet bu məbləği 3 min manat edəcək və tələbə daha da yüklənəcək. Bizim üzərimizə düşən budur ki, universitetlərin oyununu pozaq”.