“Azərbaycana qarşı gələcəkdə hər hansı bir təxribat olarsa, qardaş Türkiyə yanımızda olacaq. Bu isə bizim üçün çox böyük bir tarixi sənəddir, biz bunu alqışlamalıyıq”
Bunu RegionTV.info-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev bu səfər münasibətilə ölkə başçısını və xalqımızı təbrik edib:
“Hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri tarixi bir səfərdi. Düşünürəm ki, bu Azərbaycanı gələcəkdə bütün təhlükələrdən qoruyacaq. Çünki bütün bunlar Şuşa bəyannaməsində də öz əksini tapıb. Ərdoğanın Şuşa səfəri Dağlıq Qarabağın bir daha Azərbaycanın əzəli torpaqları olmasını sübuta yetirdi. Onun keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsini qaldırması Azərbaycanı bu bəlalardan xilas etdi. Hesab edirəm ki, bundan sonra Cənab Prezidentin bu istiqamətdə atacağı addımlar tam qanuniləşdi, Türkiyə və Azərbaycan bir dövlət olması öz əksini tapır. Azərbaycana qarşı gələcəkdə hər hansı bir təxribat olarsa, qardaş Türkiyə yanımızda olacaq. Bu isə bizim üçün çox böyük bir tarixi sənəddir, biz bunu alqışlamalıyıq. Bundan sonra Türkiyə-Azərbaycan addımlarının atılması da planlaşdırılmalıdır. Biz nə iş görəcəyiksə, birgə görəcəyik. Bütün partiyalar kimi biz də Şuşa bəyannaməsi ilə bağlı bəyanat vermişik, bunu alqışlayırıq. Buna görə Cənab Prezidentimizi təbrik edirik, gözün aydın olsun deyirik. Bundan sonra artıq Azərbaycan bu istiqamətdə çəkinmədən güclü iş apara bilər. Dünya dövlətləri bir daha Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdi və bundan sonra da edəcək. Bu həm də NATO-nun Azərbaycanın yanında olması deməkdir. Çünki Türkiyə NATO-nun üzvüdür. Ərdoğan Baydenlə görüşüb və ordan da Şuşaya gəlirsə, bu o deməkdir ki, məsələ NATO-la da razılaşdırılıb. Qarabağ bizim öz torpağımızdır və öz torpağımızdakı mücadilənin tam qanuni olduğunu bir daha sübut etdik. Buna görə Prezidentimizi alqışlayıram, xalqımızı isə təbrik edirəm”.
Xəbəri paylaş