Kristiano Ronaldonun Avro-2020-də ilk oyununa çıxmazdan öncə mətbuat konfransı zamanı qarşısına qoyulan Koka-Kola şüşələrini götüzdürərək sağlamlıq üçün sadə sudan istifadə təklifi xüsusi marağa səbəb olub. Futbolçunun bu hərəkətindən sonra başqa futbolçular da eyni axına qoşulub.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova RegionTV.info-ya açıqlamasında bildirib ki, yay mövsümündə temperaturun yüksəlməsi səbəbindən daha çox qazlı, spirtli və enerji içkiləri istifadə olunur, ancaq bu içkilər sağlamlığımız üçün həddindən artıq ziyandır:
“Qazlı, rəngləndirilmiş və dadlandırılmış içkilər həddən artıq kimyəvi qatqı maddələri ilə zəngindir. Onların tərkibində şəkər miqdarı da çoxdur və bunlar bədənə boş karbohidratlar olaraq qəbul edilir. Bu içkilərin əksəriyyətinin tərkibində monosodyum qlutamat var ki, bunlar dad reseptorlarını korlayır, beşinci dad deyilən “umami” dadını və bununla da asılılıq yaradır. Bu içkilər insanda davamlı içmək istəyi oyadır. Suları soyuq qəbul edilməsinin də fəsadları var. Soyuq sular dişlərin emalını çatladır, ağız, damaq, qida borusu və mədəyə də çox mənfi təsirlər edir. Bu içkilər eyni zamanda mədənin turşu və qələvi mühitində də fəsadlar törədir. Mədənin pH dərəcəsini dəyişəcək qədər kimyəvi qatqılarla zəngin olan içkilər gələcəkdə mədə xoralarına və qastridə də səbəb ola bilər. Onlar mədədə maddələr mübadiləsini qısa müddətli sürətləndirərək daha sonra funksiyasını, bağırsağın mikroflorasını pozaraq həzmi çətinləşdirir. Soyuq qəbul edildikdə bağırsaq və mədə iltihabına səbəb olurlar”.
Xəbəri paylaş