"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”.
Bunu RegionTV.info-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Bayden-Ərdoğan arasında müzakirəyə çıxarılacağı gözlənilən 10-a yaxın məsələlər arasında Rusiyadan alınan və Türkiyə Silahlı Qüvvələrini inventarına daxil edilməsini gözləyən S-400 hava müdafiə sisteminin taleyi də var:
"Artıq bu məsələdə də razılıq əldə olunması istiqamətində hələ təsdiqini tapmamış məlumatlar dolaşır. Türkiyə S-400-lərin məsələsini həll etməklə Amerikanın Türkiyəyə təslim edilməsinə embarqo qoyduğu F-35-lərini geri alır və bu qırıcıların istehsalındakı iştirakını bərpa edir. Bəs belə olan halda, S-400-lər Rusiyaya geri qaytarılacaqmı? Əlbəttə ki, xeyr. Bu silahlar Tükiyə Silahlı qüvvələrinin mövcud olduğu ölkələrdən birinə transfer edilərək Türkiyə hərbçilərinin nəzarəti altında həmin ölkənin səmasını qoruyacaq”.
Müsahibimiz qeyd edib ki, Türkiyənin S-400 ləri yerləşdirəcəyi ölkənin Azərbaycan olması ehtimalı çox yüksəkdir: "Bəlkə Ərdoğanın Şuşada Azərbaycan xalqına, onun Prezidentinə edəcəyi sürpriz S-400-lərin Azərbaycana veriləcəyi barədə şad xəbərdir? Türkiyənin bu addımı Azərbaycan səmalarının uzunmüddətli təhlükəsizliyinin təminatı olar və bununla Azərbaycanla hərbi əməkdaşlığına böyük töhfə verərdi”.
Xəbəri paylaş