Mənim elm adamlarına həmişə böyük hörmətim olub. Bir ziyalı kimi yaxşı bilirəm ki, bir millətin, eləcə də dövlətin yaşaması və gələcəyi elmdən keçir. Dövlətin və ya millətin böyük-kiçikliyindən asılı olmayaraq, elmi güclüdürsə, dünya həmin dövlətin və ya millətin ətrafında fırlanır.
RegionTV.info xəbər verir ki, bunu tanınmış yazıçı-jurnalist, millət vəkili Aqil Abbas onun fikirlərinin təhrif olunaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclasında müzakirə edilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
A.Abbas pərəstiş etdiyi alimlərdən danışıb:
“Ömrüm boyu Yusif Məmmədəliyev, Heydər Hüseynov, Ziya Bünyadov, Cəlal Allahverdiyev, Həsən Abdullayev, Validə Tutayuk, Lütfi Zadə, Rafiq Əliyev, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov kimi ziyalılarla fəxr etmişəm və bu gün də fəxr edirəm ki, xalqımızın belə alimləri olub və var. Bu siyahını çox uzada bilərəm”.
Millət vəkili vurğulayıb ki, o, AMEA-nın ləğv olunması ilə bağlı fikir səsləndirməyib:
“Mən heç yerdə rəsmi belə bir fikir deməmişəm. Sadəcə, dostlarla söhbət zamanı elmi-tədqiqat institutlarının universitetlərlə birgə fəaliyyətinin tələbələr üçün daha yaxşı nəticələr verə biləcəyini söyləmişəm. Yəni tələbələr daha güclü laboratoriyalarda təcrübə keçə bilərlər. Bu fikirdən də belə çıxmır ki, Elmlər Akademiyası ləğv olunmalıdır”.
A.Abbas bu fikirlərinin AMEA-nın müvafiq iclasında müzakirə edilməsindən təəssüf hissi keçirdiyini dilə gətirib.
Xəbəri paylaş