Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bu, Kəlbəcər və Laçın istiqamətində uğurlu hərbi əməliyyatlar keçirmək üçün şans yaradır”






Qarabağlı jurnalistlər Elşad Eyvazlı, Əfqan Qafarlı, Aqil Camal, Xalid Kazımlı və Zülfüqar Hüseynli qüdrətli ordumuzun zəfər yürüşünü davam etdirdiyini və həsrətlə gözlənilən qələbə sevincinin uzaqda olmadığını bildirib.

Əslən Kəlbəcərdən olan “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə tezliklə Azərbaycan Ordusunun şanlı zəfərləri ilə xalqımızı sevindirəcəyini deyib:



“Hadisələrdən bir gün əvvəl təsadüfən Bərdəyə getmişdim. Ermənilərin təxribatından sonra Ağdam, Tərtər istiqamətində mümkün qədər mülki əhalinin buraxıldığı yerlərə gedirəm. Cəbhə xətlərindəki kəndlərdə əhalinin ovqatı olduqca yüksəkdir, hamı işğala son qoyulacağı anın yetişdiyini düşünür. Prezidentin sərəncamı ilə qismən səfərbərlik elan edilməsinə baxmayaraq, orduya yazılmaq üçün hər kəs səfərbər olub. Hətta yaşı çatmayanlar və yaşı yüksək olanlar da ilk çağırışda vətənin müdafiəsinə qalxıb işğala son qoymağa hazırdır.

İnsanlarımızın Silahlı Qüvvələrimizə və Ali Baş Komandana etimadı ən yüksək səviyyədədir. Hazırda Tərtər və Ağdərə istiqamətində çox ciddi döyüşlər gedir. Ermənilərə sarsıdıcı zərbələr vurulur. Düşünürük ki, işğala son qoyulacaq.

Birinci Qarabağ savaşında iştirak etmişəm. Kəlbəcərin strateji önəmini bilirəm. Murov zirvəsi kimdədirsə, demək olar ki, qələbənin yarısı deməkdir. Bu, Kəlbəcər və Laçın istiqamətində uğurlu hərbi əməliyyatlar keçirmək üçün şans yaradır”.


“Modern.az” xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun öz torpağına bağlı olduğunu qeyd edib.



“Yaşadığım duyğuları sözlə ifadə etmək mümkün deyil. İllərdir gözlədiyimiz qələbəni Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bizə bəxş etdi. Ordumuz işğal edilmiş əraziləri qaytarmaq gücündə olduğunu bir daha sübut etdi, xalqımıza qələbə sevincini yaşatdı. Azərbaycan Ordusu və Ali Baş Komandanla fəxr edirik, hər zaman əsgərlərimizin yanındayıq. İnanırıq ki, güclü ordumuz işğal altında olan digər ərazilərimizi də işğaldan azad edəcək və böyük qələbə sevincini bizə bəxş edəcək. 27 sentyabr 2020-ci il artıq Azərbaycan tarixinə yazıldı. Bunu Azərbaycan Ordusu və Ali Baş Komandan yazdı”, - baş direktor əlavə edib.

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımlı Azərbaycan Ordusunun xalqımıza çoxdan gözlənilən qələbə sevincini yaşatdığını bildirib.

Xalid KAZIMLI: Nəsirov və Avakov

“27 ildir gözləyirdik ki, cəbhədə ordumuz qüvvətlənsin, modernləşsin və hərbi mütəxəssislər formalaşsın ki, biz əks-hücuma keçib işğal olunmuş ərazilərimizi düşməndən azad edək. Nəhayət bu gün gəlib yetişdi, rəşadətli ordumuz şücaət göstərəcək hücum mövqeyindədir. İnanıram ki, hücum əməliyyatları uzun çəkməyəcək. Bir neçə ayın içində ordumuz itirdiyimiz əraziləri yenidən Azərbaycan xalqına və dövlətinə bəxş edəcək. Ordumuz bunu bacaracaq”, - o, vurğulayıb.

“Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal qeyd edib ki, bu gün Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlar ədalətə və hüquqa söykənir:



“Azərbaycanın işğal olunmuş əzəli və əbədi torpaqlarından yüz minlərlə insan didərgin düşüb. Dünya tərəfindən də istisnasız olaraq Azərbaycan ərazisi olaraq qəbul edilən torpaqlarda ordumuzun hərbi əməliyyatlar keçirməsi və mövqelərini möhkəmləndirməsi öz haqqıdır. Digər tərəfdən beynəlxalq hüquq da imkan verir ki, bir dövlət öz ərazisində separatçı və terrorçu cərayanlara qarşı mübarizə aparsın. Bu gün gedən döyüşlər Ermənistan və Azərbaycan sərhədində deyil, tamamilə beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi qəbul olunan torpaqlarda gedir. Dünyanın ən böyük dövlətləri bu məsələyə münasibət bildirib. Və bu münasibətlərdə heç bir ölkə Azərbaycanın ermənilərə qarşı başlatdığı hərəkatı haqsızlıq kimi qiymətləndirməyib, sadəcə tərəfləri hücumları dayandırmağa və danışıqlar masasında oturmağa səsləyib.

Son dönəmlərdə Ermənistan Paşinyanın simasında özünü şıltaq uşaq kimi aparırdı. Sanki münaqişə həll olunub, Azərbaycan xalqı və dövləti də bununla barışıb. Onlar işğal olunmuş ərazilərdə böyük quruculuq işləri və infrastruktur işləri aparırdı. Eyni zamanda dünyanın başqa münaqişəli bölgələrindən, xüsusilə Orta Şərqdən ora hərbi yönümlü qruplaşma və ermənilərin köçürülməsi ilə bağlı açıq fəaliyyətə başlamışdılar. Bu, sentyabrın 27-də Azərbaycan mövqelərinə edilən hücumla özünü göstərdi. Hazırda ordumuz həmin hücumlara adekvat cavab verir və düşmənin geri addım atması uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu gün Azərbaycanın apardığı əməliyyatlar dünya birliyi tərəfindən anlaşılır. Sadəcə bu çağırışlar daha çox mülki insanın həyatını itirməməsi və bölgədə geniş münaqişə ocağının alovlanmasının qarşısının alınması üçün edilir”.

“Modern.az”ın baş redaktoru Əfqan Qafarlı da bildirib ki, ordumuzla qürur hissi keçiririk:

“Torpaqlarımızın işğaldan azad olunması istiqamətində çox uğurlu hərbi əməliyyatlar baş tutdu. Düşmən tapdağı altında olan bir neçə kəndimiz azad edildi. Biz bu qələbələrin ardını gözləyirik. Ümid edirik ki, ordumuz tezliklə bu zəfəri Şuşa, Laçın, Xankəndi və Kəlbəcərdə başa vuracaq.



Bütün müşahidələr onu göstərir ki, cəmiyyətdə ruh yüksəkliyi hökm sürür. Xalq ordunun və Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirir. Dünəndən bəri həm sosial şəbəkələrdə, həm də mətbuatda bunu açıq-aydın görmək olur. Bu, əvvəldən də belə idi, artıq səbir kasası dolub, torpaqlarımızın işğal altında olmasına dözüm göstərmək niyyətində deyilik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də