Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Mail Naxçıvanski"nin qətlinin DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - VİDEO

Ötən il iyulun 2-i saat 23 radələrində Suraxanı RPİ 30-cu PŞ-dən Hövsan qəsəbəsində, qəsəbə sakini Mail Mustafayevin öldürülməsi barədə daxil olan məlumat əsasında prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

RegionTV.info xəbər verir ki, hadisə Dənizkənarı küçəsində yerləşən "Hövsan” marketin qarşısında baş verib.

Cinayətin zərərçəkmişin tanışı, Aslan Sadıqov tərəfindən, aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr yaranıb.

Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Mail Mustafayevin ölümünə - sol ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Hadisə ilə əlaqədar məlumatlar yayan xəbər portallarında bildirilib ki, qətlə yetirilən Mail Mustafayev "Rövşən Lənkəranski”nin yaxın adamlarından olub, kriminal aləmdə "Hövsanlı Maıl" yaxud "Maıl Naxçıvanski" kimi tanınıb.

Aslan Sadıqov barəsində iyulun 4-də axtarış elan olunub, səhərisi gün rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İyulun 15-də o, Biləsuvar rayonunda yerləşən oteldə tutulub.

Aslan Sadıqov 1989-cu ildə Naxçıvan MR-mn Sədərək rayonunda anadan olub, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Şabanov küçəsində nömrəsiz evdə yaşayıb, əvvəllər məhkum olunmayıb.

İstintaqla müəyyən edilib ki, iyulun 2-i saat 12 radələrində Aslan Sadıqov Hövsan qəsəbəsində, "Köhnə bazar” adlanan ərazidə qəsəbə sakini kimi, əvvəllər tanıdığı Mail Mustafayevlə görüşdüyü vaxt, sonuncunun onu narkoman adlandırmasını özünə təhqir kimi qəbul edib.

Buna görə, onu öldürmək qərarına gəlib və niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləyib.

Saat 23 radələrində Mail Mustafayevin Dənizkənarı küçəsində yerləşən marketin qarşısında dayandığını öyrəndikdən sonra ora yaxınlaşıb.

Görüşərkən Mustafayev, şəxsiyyətləri istintaqa məlum olan tanışlarının yanında onunla danışmaq haqqının olmadığını bildirdikdə bunu bir daha özü üçün qəbul edilməz hal hesab edib.

Naməlum mənbədən əldə edib, üzərində gəzdirdiyi bıçağı şalvarının belindən çıxararaq, sol yanaq nahiyyəsinə və döş qəfəsinə, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Aslan Sadıqov bildirib ki, törətdiyi əməldən peşman deyil. Nalayiq sözlərlə təhqir etdiyinə və tanışlarının yanında aşağıladığına görə bıçaq zərbələrini Mail Mustafayevə öldürmək məqsədi ilə vurub.

Uzun illər, psixi problemləri olduğundan hərbi xidmətdə olmayıb, xəstəliyi ilə əlaqədar müxtəlif vaxtlarda müalicə alıb.

Yanında yaxın adamlara qarşı haqsızlıqlar olanda o, bunlarla barışmaq istəməyib. Qıcıq yaranaraq sanki həmin vaxt artıq özünü idarə edə bilməyib.

Bəzən, əsəbindən başını divara çırparaq özünə xəsarətlər yetirib. Bunu onun ailə üzvləri də təsdiq edə bilərlər. Son günlər demək olar ki, evdən bayıra çıxmayıb.

İyulun 2-i saat 12 radələrində Hövsan qəsəbəsində "Köhnə bazar” adlanan yerdə Mail Mustafayev avtomobildən düşüb "sən nəyə görə qəsəbədə narkotik maddə satanlara və satdıranlara nalayiq söyüşlər söymüsən.

Qəsəbədə uşaqlara narkotik maddə satdıran mənəm, sən mənə qarşı söyüşlə danışa bilərsən” sözlərini söyləyərək, onu təhqir edib.

Mailə "onun narkotik satdırmağını bilmədiyini, əgər məlumatı olsaydı, söyüş söyməyəciyini” dedikdə, Mustafayev «axşam Abidənin yanına gəlməsini və onunla söhbət edəcəyini» bildirib.

Mailin sözləri ona pis təsir edib, stressdən çıxmaq üçün həyətdən itini götürərək, dənizkənarına yollanıb və orda əlində 1 şüşə pivə içə-içə gəzib.

Saat 15 radələrində tanıdığı və ailəvi münasibətləri olan Nüsrət Əlizadəyə zəng vuraraq onu dənizkənarına çağırıb.

Nüsrət ora gələndə ona Mailin axşam onu görüşə çağırmasını deyib. Təxminən 1 saatdan sonra Tərlan Əliyevə zəng edib, qəsəbəyə gələcəyi təqdirdə onunla görüşmək imkanının olub-olmadığını soruşub, tanışı isə ona öz avtomobilinin təmirdə olduğunu bildirib, lakin qonşusu Qulam İsazadə ilə axşam gələ biləcəyini söyləyib.

Saat 21 radələrində Tərlan, Etibar Ələkbərov və Emin Məmmədov Qulam İsazadənin idarə etdiyi "VAZ-2107” markalı avtomaşınla "Köhnə park” adlanan əraziyə gəliblər.

Avtomobilin sahibi Qulam işi olduğunu deyib və avtomobili Tərlana verərək, çıxıb gedib. "Abidə” adlanan əraziyə hərəkət edərkən o, əvvəl Tərlanın telefonundan Mailə zəng edib, lakin sonuncu cavab verməyib. Belə olan təqdirdə öz telefonundan Mailə təkrar zəng vurub.

Mustafayevdən harda olmasını soruşanda, o "Hövsan” marketin qarşısında olduğunu deyib. 7-8 dəqiqədən sonra marketin qarşısına çatıblar.

Maili "Hövsan” marketlə üzbəüz, yolun əks tərəfində özünə məxsus "Kia-Optima” markalı, avtomaşına söykənmiş vəziyyətdə dayandığını gördükdə Tərlan avtomobili saxlayıb və onlar çıxıb, Mustafayevə yaxınlaşıblar. Tərlanı, Etibarı və Emini qucaqlayıb, öpüşərək onlarla mehribancasına görüşüb.

Üzünü ona çevirərək, "nəyə görə gözlərini bərəldib mənə baxırsan” soruşanda, o da cavab olaraq, Mailə necə baxdığını və nə səbəbə görə belə aqressiv şəkildə danışdığını soruşub.

Mustafayev "sənin mənimlə danışmağa haqqın çatmır” deyib. Onu və Nüsrəti narkoman adlandıraraq, nəyə görə üzərinə gəldiklərini soruşub.

Həmin vaxt marketi işlədən İlqar Quliyev onlara yaxınlaşıb. O, Mailin yanından aralanaraq onun sol tərəfinə keçib. Söhbəti davam edən Nüsrət Mailə "sən bizim qardaşımızsan, biz sənə qarşı heç vaxt hörmətsizlik etmərik, bizim narkoman olmağımız barədə sənə yalan məlumat veriblər” sözlərini deyib.

Əvvəl "Köhnə bazar” adlanan yerdə təhqir etdiyinə, indi də marketin qarşısında, yoldaşlarının yanında onunla kobud, təhqiramiz şəkildə davrandığına görə əsəbiləşərək, üzərində gəzdirdiyi açılıb-qatlanan bıçağı belindən çıxanb üzünə və ürək nahiyyəsinə zərbələr vurub.

Qaçıb, hadisə yerindən bir qədər aralandıqdan sonra bıçağı yolun kənarında xatırlamadığı istiqamətdə atıb. Yoldan keçən taksiyə əyləşərək, sürücüdən onu cənub bölgəsinə gedən avtomaşınlar olan yerə aparmasını xahiş edib.

Həmin sürücüyə 15 manat pul verib, düşüb və 20 manata "Mersedes” markalı maşınla Astara rayonuna yollanıb. Səhər saat 4 radələrində rayona çatıb.

İnsanlardan kənar ağaclıq və kolluq olan yerlərdə gecələyərək, bu minvalla 3-4 gün Astarada qalıb. Astarada mağazadan çörək alanda Biləsuvar rayonunda karantin rejiminin olmadığını eşidib və ora getmək qərarına gəlib.

Hadisə vaxtı əynində olan paltarları dəyişmək üçün Astaradan Biləsuvara gedən yolda, mağazalardan birindən uzunqol qara rəngli köynək və qara papaq alıb. Əynindəki paltarları çıxarıb, zibil qabına tullayıb.

İyulun 14-də rayonun mərkəzində yerləşən 3 mərtəbəli, adını bilmədiyi otelə yaxınlaşıb, qeydiyyat şöbəsində özünü "İbrahim Quliyev” kimi təqdim edərək bir gün qalmaq istədiyini deyib.

Gecə saat 3 radələrində qaldığı otaqda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Məhkəmə hesab edib ki, Aslan Sadıqovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Sadıqov cəzasını ciddi rejimli CÇM-də çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.                         



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də