
RegionTV.info xəbər verir ki, politoloq Əlimusa İbrahimov Qazaxın işğal altındakı 7 kəndi ilə bağlı sitiuasiyanı Sfera.az-a şərh edərkən belə deyib.
O qeyd edib ki, bu kəndlərin azad olunması məqsədilə əraziyə ordu yeridilməsi ermənilər üçün Azərbaycana qarşı istifadə edə biləcəkləri bəhanə ola bilərdi: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu fakta cavabsız qala bilməz. Lakin bu, Azərbaycanın xarici təsirə məruz qalmasından ehtiyat edərək, öz torpaqlarının erməni işğalında qalması ilə barışacağı anlamına gəlmir. Sadəcə, o kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyi haqqında yetərincə təbliğat aparılmalıdır.
Bu torpaqların Azərbaycan ərazisi olduğu beynəlxalq birliyə də, elə Ermənistanın özünə də aydındır və mübahisə predmeti sayılmır. Ən revanşist erməni belə 7 kəndimizi işğal etdiklərini təsdiq edir və nə vaxtsa bu torpaqların geri qaytarılacağını başa düşürlər”.
Müsahibimiz bildirib ki, düşmən ölkədə baş tutacaq parlament seçkilərindən sonra Qazaxın 7 kəndinin qaytarılması da öz həllini tapacaq: “Sülh və danışıqlar yolu ilə alınarsa, bu, ermənilərin xeyrinə olacaq. Əks halda 7 kəndlə yanaşı, başqa hansı ərazilərin Azərbaycana çatacağı haqda qoy, onlar özləri düşünsünlər”.
Xatırladaq ki, Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimlidir.