Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təranə Paşayeva: “Vətəndaşı qorumaq, milləti, vətəni və dövləti qorumaqdır”

RegionTV.info                                                         
“Xalq həyatının hər anı dəyərlidir, amma bununla belə baş verən hadisələrin mahiyyəti müəyyən bir vaxt aralığını tarixi mərhələyə çevirir. Bu fikrin həqiqi olduğunu təsdiqləmək üçün Azərbaycan xalqının son ilyarımdakı yaşantılarına sadəcə nəzər salmaq yetərlidir.

Xalqımızın sarsılmaz birliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarları, ordumuzun qəhrəmanlığı sayəsində 44 gün sürən Vətən savaşında tarixi zəfər çalaraq müqəddəs Qarabağ ucalığını mənfur düşmən əsarətindən azad etdi. Xalq bir ağızdan “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” söylədi. Hətta bu zəfər işığında vətənimizin tarixi hissəsi olan Zəngəzurdan keçərək Naxçıvana, oradan Türkiyəyə, oradan dünyaya açılan dədə-baba yolumuz da aydın göründü.

Savaş və zəfər möhtəşəmdir. Azərbaycan min illər boyu qüdrətlənərək, bir zamanlar zorla alınmış bütün haqlarına sahib olacaq, düşmən bir daha torpaqlarımıza göz dikməyə cəsarət etməyəcək!

Yaranmış yeni tarixi şəraitdə xalqımızın geniş inkişaf şansı qazandığını bundan əvvəlki bir çox yazılarımda ifadə etmişəm.


Adətən torpağında müharibə gedən ölkələrdə həyat şəraiti ağırlaşır, insanlar bir çox problemlərlə üzləşməli olurlar. Biz 30 il düşmənlə müharibə şəraitində yaşadıq. Lakin elə il olmadı ki, xalqımız öz içindən təklənsin, ölkəmiz inkişafdan qalsın. Milyondan çox qaçqın və məcburi köçkün bacı-qardaşlara sahib çıxmaq, Qarabağın sülh yolu ilə azad olunması üçün bütün diplomatik vasitələrə əl atmaqla yanaşı, Azərbaycan düzgün müəyyənləşdirilmiş strategiyanı mərhələlərlə icra etməklə, xüsusilə 2003-cü ildən başlayaraq dünyaya yeni, qüdrətli bir ölkə təqdim edə bilmişdir. Niyə? Çünki qarşıda vahid məqsəd olmuşdur: xalqın rifahını daim yüksəltmək, Azərbaycan vətəndaşını layiq olduğu rahatlıqda yaşatmaq!

Dünyanın əksər coğrafiyalarından fərqli olaraq ölkəmiz son bir il yarımın timsalında öz uğurlarını ikinci bir düşmənlə mübarizə apararaq davam etdirmək kimi çətin vəzifə qarşısında qalmışdı. Azərbaycan koronovirus pandemiyasına qarşı həyəcan təbili çalan, heç bir tərəddüd etmədən dünyanı COVİD-19-a qarşı mübarizədə həmrəyliyə çağıran ilk ölkələrdən biri idi. Azərbaycanın cəbhədə çaldığı qələbə böyük tarixi şərəf olduğu kimi, öz xalqını düşünmək, sevmək, hər bir vətəndaşın sağlamlığının əlahiddə bir dəyərə malik olduğunu bəyan etmək və bu yolda bütün zəruri tədbirləri görmək dövlət rəhbəri ilə xalq idealının eyni məna daşıdığı anlamına gəlir. Nəyi, nə vaxt, necə etməyin zərurətini dərindən mənimsəyən və bunu parlaq nümunə ilə göstərən Prezidentimiz pandemiyaya qarşı aparılan fövqəladə xarakterli mübarizə timsalında xalqımızın humanizmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının pandemiyaya qarşı mübarizəsini əks etdirən zəngin xronologiyanı çoxlu misallarla daha ətraflı anlatmaq, əlbəttə mümkündür. Məna və məntiq isə bütün hallarda eynidir; bu və ya digər ölkənin ən qiymətli sərvəti insandır, vətəndaşı qorumaq dövlətin ali vəzifəsidir və bu yolda lazım olan bütün tədbirlər görülmüşdür. Əslində ölkəmizin bütün istiqamətlər üzrə əldə etdiyi nailiyyətlərin başlıca stimulu məhz bu niyyətə, bu ideala sadiqlikdir.

Ötən ayın son günü – may ayının 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışı bizim ölkəmizdə insan sağlamlığına, hər bir vətəndaşımızın yaşamaq, ömür sürmək haqqına necə önəm verildiyini bir daha sübut edir. Cənab İlham Əliyevin yüksək səviyyəli toplantıda etdiyi çıxış dərin məzmunu ilə seçilir və yığcam bir yazıda orada səslənən bütün istiqamətlərə toxunmaq çətindir.

Mən sadəcə iki-üç məqamla bağlı təəssüratlarımı bölüşmək istərdim. İştirakçıların böyük marağına səbəb olan nitq bir daha sübut etdi ki, pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkəmizin bütün imkanları səfərbər olunmuşdur.

Əvvələn, amansız bir şəkildə tüğyan edən qlobal xarakterli yoluxmanın iqtisadiyyata mənfi təsirini imkan daxilində aradan qaldırmaq məqsədi ilə hökumət tərəfindən təxirəsalınmaz, sistemli tədbirlər görülmüşdür. Məsələn, COVİD-19-un qəfil və gözlənilməz zərbələrinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim olunmuşdur.

Pandemiya hər kəsi yaranmış şəraitə uyğunlaşaraq yaşamağa məcbur edir. Xəstəliyin ilk mərhələsində təbabət çaşqın vəziyyətdə idi, təhlil və müşahidələr göstərir ki, pandemiyanın dünyaya göstərdiyi şok hələ də ötməmişdir. Hər kəsə bəllidir ki, səhiyyənin insanlara tövsiyyəsinin yalnız üç bəndi var idi – sosial məsafə saxlayın, əllərinizi yuyun və masqa taxın. Sonra isə real təhlükənin qarşısını almaq üçün peyvənd əldə olundu. Prezidentimiz haqlı olaraq sessiyadakı çıxışında vurğuladı ki, pandemiya ilə mübarizənin hazırkı mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Bu sahədə aparılan iş ölkəmizdə məsələyə necə ciddi yanaşıldığını göstərir. Ölkə başçısının dediyi kimi, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində əldə olunan nəticələr əvvəlki normal həyata qayıtmaq istiqamətində öz təsirini göstərmiş, karantin rejimi tədricən yumşaldılmışdır. Cari ilin yanvar ayının ortalarından etibarən ölkə ərazisində peyvənd kompaniyasına başlanmışdır. Belə ki 99,94 faiz “Sinovak”, qalanı isə “AstraZeneqa” və “Sputnik” olan 2 milyondan artıq peyvənd vətəndaşlara vurulub. Bu rəqəm əhalinin 20 faizini əhatə edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü şəkildə peyvənd oluna bilir, peyvənd olunan şəxslərə COVİD-19 pasportları təqdim edilir.

Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəmizdə pandemiya ilə əlaqədar aparılan maarifləndirmə işləri öz bəhrəsini gündən-günə daha çox verməkdədir. Əhali vaksinasiyaya könüllü şəkildə qoşulur, hətta bəzən mediada həkim məntəqələrində yaranan sıxlıqdan bəhs edən informasiyalar işıqlandırılır. Hər gün ölkənin bütün istiqamətlərində on minlərlə insan peyvənd olur. Həyata keçirilən bütün tədbirlər təminat verir ki, ən yaxın müddətdə cəmiyyətimiz qəfil peyda olan xəstəliyə qarşı daha davamlı olacaq, xəstələnənlərin, vəfat edənlərin sayı kəskin şəkildə azalacaq, ölkəmiz bütün dünyanı cənginə alan bu bəladan azad olacaqdır.

Prezident İlham Əliyev çıxışında ölkəmizdə pandemiyaya qarşı mübarizənin planlı şəkildə aparılması, xəstəliyin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktik tədbirlər barədə də fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Azərbaycan dövlətinin pandemiya probleminə ciddi yanaşdığını faktlar bir daha sübut edir. Qısa zaman ərzində yalnız bu problemin həlli ilə əlaqədar 13 modul tipli və bir daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVİD xəstələrinin müalicəsi üçün ayrılan xəstəxana çarpayılarının sayı 10 mindən artıqdır.

Hörmətli Prezidentimizin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışı bir daha əminlik yaradır ki, dövlətimizin problemə maksimum ciddi yanaşması, milli səhiyyəmizin gücü, dünya təbabətinin yeni təklifləri və ən başlıcası xalqımızın xarakterini səciyyələndirə həmrəylik və məsuliyyət hissi pandemiyanın mənfi təsirlərini qətiyyətlə aradan qaldıracaqdır”.

Təranə Paşayeva“Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəriPsixologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də