Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəsur döyüşçü: “Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəyəm” - VİDEO

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də əsgər Alxasov Camal İlqar oğludur.
Əslən Qubadlı rayonundan olan C.Alxasov 2001-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2019-cu ildə Sumqayıtda 34 saylı orta məktəbi bitirib. Həmin ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. O dövrdə cəbhə bölgəsi sayılan ərazidə yerləşən N saylı hərbi hissədə xidmət edib. Müharibədə iki ayağını itirib. Vətən müharibəsi qazisidir.

Döyüş yolunu RegionTV.info-ya bölüşən C.Alxasov deyib ki, müharibə başlayanda ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.

Qazi bildirib ki, müharibə dövründə sürücü kimi xidmət edib və hərbçilərimizə silah-sursat, yemək daşıyıb:

"Oktyabrın 31-də maşınımızın Qubadlıda alınmış erməni postunda qaldığı deyildi. Komandir bizə həmin maşını çıxarmağı tapşırdı. Post uğrunda səhər qızğın döyüşlər olmuşdu və post ermənilərdən alınmışdı. Yalnız bir təpə qalmışdı. Biz ora getdik. 3 nəfər idik, maşını təmir etməyə başladıq. Yarım saat olardı ki, həmin alınmayan təpədən ermənilər bizi mərmi yağışına tutdu. Birinci mərmi maşının qabağına düşdü. Onda gözümdən və əlimdən yüngül yaralandım. Daha 2 mərmi atıldı. Uşaqlar artıq postun zirzəmisinə düşmüşdülər. Posta 10 metr qalmış dördüncü mərmi atıldı və arxamda yerə düşdü. Həmin vaxt qəlpə kəsən ayaqlarımın göydə fırlandığını gördüm”.

Qazimiz deyib ki, düşmən 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi.

C.Alxasov qeyd edib ki, protezlə tam təmin olunandan sonra ilk ziyarət etdiyi yer Qubadlıda ayağının basdırıldığı məkan olacaq: 

Qazimiz dövlətin ona olan diqqət və qayğısından da söz açıb:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Yaxınlarda qardaş Türkiyədə yerləşən Gülhanə xəstəxanasında müayinə olunacam. Eyni zamanda, mənə 1-ci qrup əlillik verilib. Daha sonra mühərrikli təkərli oturacaqla və kiçik biznes fəaliyyətimi qurmağım üçün özünəməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilmişəm. Qazilərə göstərilən xidmətə görə dövlətimizə, Ali Baş Komandana təşəkkürümü bildirirəm”.                                                                 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də