Arvadı Adelya Taxvelini yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə ittiham edilən "Buta Palace"ın art direktoru Ramiz Taxvelinin indiki mərhələdə təqsirli bilinməməsi barədə qərar verilib.RegionTV.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin R.Taxvelini bu cinayətləri törətməkdə təqsirli bilərək onu məcburi müalicəyə göndərməsi qərarı dəyişdirilib.
R.Taxvelinin anası Gülarə Məmmədovanın sözlərinə görə, həmin vaxt məhkəmə prosesi yarımçıq saxlanılsa da, hakim Rasim Sadıxov qərarda yazıb ki, prokuror prosesdə cəza istəyib: "Guya çıxışlar da olub. Amma bunların heç biri olmamışdı".
Taxvelinin vəkili Qanqa İbrahimova saytımıza açıqlamasında deyib ki, hakim qərarında Ramiz Taxvelini ittiham olunduğu maddələr üzrə təqsirli bilib və təqsirinin sübuta yetirildiyi qeyd edilib: "Bu qərardan apellyasiya şikayəti verdik ki, biz məhkəmə istintaqını tamamlamadan, dövlət ittihamçısı çıxış etmədən hakim şəxsi təqsirli hesab edə bilməz. O zaman məhkəmənin çıxışlar hissəsində Ramiz Taxvelinin psixoloji durumu ilə bağlı iş ekspertizaya göndərildi və rəy verildi ki, onun psixi durumu hazırda özünü idarəetməyə imkan vermir, o, öz hərəkətlərini dərk etmir. Ekspert rəyi gələn kimi də hakim qərar çıxartdı".
Vəkil bildirib ki, bundan sonra Bakı Apellyasiya Məhkəməsi həmin qərardan Ramiz Taxvelinin təqsirli bilinməsi ifadəsini çıxarıb: "Hakim Faiq Qasımov qərar verdi ki, Ramiz Taxvelinin məcburi müalicəsi başa çatdıqdan, tam sağaldıqdan sonra proses olduğu yerdən davam etdirilsin. Orada da aşkar olundu ki, məhkəmə istintaqı yekunlaşmayıb. Qeyd edildi ki, Ramiz Taxveli indiki mərhələdə təqsirli bilinməsin".
Prokurorluq və mərhum Adelya Taxvelinin hüquqi varisi Ali Məhkəməyə kassasiya şikayəti verib. Hakim İlqar Qılıcov işə yenidən apellyasiya məhkəməsində baxılmasına qərar verib.
Xatırladaq ki, hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilib.
Xəbəri paylaş