RegionTV.info
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, tanınmış gəmi şirkəti olan “Albros Denizciliy”in rəhbəri Rauf Ələkbərovun həyat yoldaşı ona qarşı 35 milyon lirəlik boşanma iddiası qaldırıb. Aida Ələkbərova ərinin ona xəyanət etdiyini iddia edərək məhkəməyə müraciət edib.
A.Ələkbərova qafqazinfo-ya açıqlamasında bildirib ki, 40 illik evlilik həyatından sonra həyat yoldaşının ukraynalı gənc qızla sevgili olduğunu və ondan 2 övlad dünyaya gətirdiyini öyrənib: “Bu xəyanət xəbəri mənə çox pis təsir etdi. Mən həmişə ailə münasibətlərində üzərimə düşən öhdəliyi layiqincə yerinə yetirmişəm. Ancaq yoldaşımın mənə xəyanət etdiyini öyrəndikdən sonra münasibətlərimiz pisləşdi. Boşanmayla bağlı məhkəməyə müraciət etdim, bunun ardınca məni ötən ilin sentyabrında gecə yarısı birgə nikah dövründə alınan, iki övladım və nəvələrimlə birgə yaşadığım evdən çıxartdı. Həmçinin mənə təzminat və aliment verməmək üçün şirkətdə olan hissələrini və bir neçə gəmini satışa çıxarıb. Hazırda ona qarşı 35 milyon lirə təzminat və aylıq yaşayış xərcləri üçün 150 min lirə əlavə təzminat tələb etməklə bağlı məhkəmədə iddia qaldırmışıq. İstanbul Ailə Məhkəməsində proses gedir.
30 ildir Türkiyədə yaşadığını bildirən A. Ələkbərovanın bir qızı, bir oğlu var: “Oğlum subaydır, qızım isə ailə həyatı qurub, iki nəvəm var. Bu vaxta qədər həyat yoldaşımla bir yerdə yaşamışıq. Tətillərdə birgə dincəlmişik. Ancaq o gecə saatlarında məni uşaqlarım, körpə nəvələrimlə birgə əşyalarla bərabər bayıra atdı, qonşularımız bizə kömək etdi. Hazırda kirayədə qalıram. Övladlarım da həmin şirkətdə işləyirdi, onları işdən də çıxartdı. Pulsuz vəziyyətdə qalmışıq. Hələ ki, boşanma prosesi baş tutmayıb. Məhkəmə davam edir. Şirkətin varidatı hesablanmayıb. Bakıdan da şahidlərimiz var. Onların da ifadələri alınaraq İstanbula məhkəməyə göndəriləcək”.
R.Ələkbərovun da arvadına qarşı iddiaları var. Belə ki, o, A. Ələkbərovanın son illərdə Türkiyəyə yalnız onun sərvətinə sahiblənmək məqsədilə gəldiyini düşünür.
Aida Ələkbərova bildirir ki, həyat yoldaşı da ona qarşı məhkəmə iddiası qaldırıb: “Məndən 1000 lirə maddi, 1000 lirə isə mənəvi təzminat tələb edib. Son 20 ildə mənimlə birgə çəkilən bir şəklin belə olmadığını deyib. O, ərizəsində bir sıra yalan ifadələr verib. Bildirib ki, guya ailələrinin məcburetməsi nəticəsində evlənmişik və bu illər ərzində birgə yaşamamışıq. Bizim vəkilimiz prokurorluğa iddiaların yalan olduğunu bəyan edərək bununla bağlı sübutlarımızı təqdim edib”.
Onun sözlərinə görə, həyat yoldaşı 1996-cı ildə qardaşı Raim Ələkbərovla Türkiyəyə gedərək şirkət qurub: “O zaman övladlarım Bakıda orta məktəbdə oxuyurdu. 1999-cu ildə qızım orta məktəbi bitirib. Həmin 3 il müddətində hər tətildə birgə olmuşuq, yaxud da o Bakıya gəlib. 2001- ci ildə oğlum məzun olduqdan sonra biz Türkiyəyə köçdük və birgə yaşadıq. Şirkət ilk qurulanda hissələr həyat yoldaşımla qardaşı arasında yarı-yarıya bölüşdürülmüşdü. Məhkəmə prosesindən sonra sərvəti gizlətmək və mənim paylarımı verməməkdən ötrü hissələri azaldıb. Həmçinin bizi evdən çıxaran gün oğluma əmisi tərəfindən fiziki şiddət göstərilib. Həyat yoldaşımın qardaşları və şirkətin 5 işçisi məni təhdid edir və fiziki şiddət göstərir. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət edərək 3 aylıq qoruma qərarı almışıq.
Bundan əlavə, şirkətə məxsus telefonlarımızı alıblar, orada şəxsi yazışmalar var idi. Hər iki məsələdən dolayı da məhkəmə qarşısında iddia qaldırılıb. Övladlarım isə miras davası açmayıb”.
RegionTV.info sözügedən iddialarla bağlı R. Ələkbərovla əlaqə saxlamağa çalışsa da, o, zənglərimizi və mesajımızı cavablandırmayıb.
Qeyd edək ki, “Albros Denizcilik” şirkəti Türkiyənin 20 ən iri yükdaşıma şirkətindən biridir
Xəbəri paylaş