"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2021-ci ili mənfəətsiz bitirəcəyini proqnozlaşdırır, bu barədə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti RegionTV.info-nun suallarına whatsapp vasitəsi ilə verdiyi cavabda bildirilir.
"2020-ci ildə emalatxanaların işləmədiyini nəzərə alanda mənfəətdən danışmaq mümkün deyil. Həmçinin pandemiyanın fəsadları xammal təchizatında, avadanlıqların quraşdırılmasında da özünü göstərib. Fəaliyyətimiz bu ilin aprelində bərpa olunub.Bundan sonra cəmiyyətin əsas məqsədlərindən biri Azərbaycan xalçalarının xaricə ixracını yenidən təşkil etməkdir. Hazırda bazarı incələyirik, daha çox hansı xalçalara və naxışlara təlabat olduğunu araşdırırıq. Yeni qiymətlər də bundan sonra bəlii olacaq”, - deyə "Azərxalça” ASC-nin göndərdiyi cavablarda bildirilib.
"Azərxalça” ASC Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnamə və strukturu təsdiq edilib. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.
"Azərxalça” -nın ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunun Horadiz şəhərində açılıb.
"Cəmiyyətin Azərbaycanın 20 regionunda 21 filialı, 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi fəaliyyət göstərir. 2017-ci ildə Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında xalça istehsalı emalatxanaları yaradılıb. 2018-ci ilin sonunda Səhmdar Cəmiyyətin daha 10 xalça emalatxanasının – Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Cəbrayıl, Lənkəran filiallarının tikintisi başa çatdırılaraq istehsala başlanılıb. Bu emalatxanaların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Hazırda "Azərxalça”da 1.400 nəfərdən çox işçi çalışır", - deyə "Azərxalça” ASC- məlumat verir.
Cəmiyyətdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə filalların açılması nəzərdə tutulur. Belə ki, Ağdamda və Horadizdə ASC filialları fəaliyyət göstərir, Şuşada yeni filialın açılması planlaşdırılır.
Xəbəri paylaş