
Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları nəhayət açıqlana bilər. Bu iş üzrə Londonda davam etməkdə olan məhkəmə prosesinin gedişatı belə göstərir.
Vanessa Bareytserin mayın 27-də verdiyi hökmə əsasən, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.
14 milyon funt sterlinq 20 milyon dollar edir, bu qədər dolların nağd şəkildə ağırlığı isə 200 kiloqramdır.

NCA bu ər-arvadın 10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır. Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır. Hakim güzəşt olaraq indiyədək yalnız “X” və “Y” kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasına yeddi gün vaxt qoyub. Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər.

Milli Cinayət Agentliyi azərbaycanlı ər-arvadı Seyşel adalarından tutmuş Londonun Potters Bar məhəlləsinədək ən müxtəlif yerlərdə “adı yalnız bürünc lövhələrdə olan” şirkətlərin qəliz şəbəkəsindən istifadə etməklə çirkli pulları yumaqda ittiham edir. NCA iddia edir ki, sözü gedən pul Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı Coutts, Barclays, Lloyds, Santander və Metro Bank hesablarına köçürülüb.