Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospektində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.Nazirlikdən RegionTV.info-ya verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, 1957-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğluna məxsus ümumi sahəsi 115 m² olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 75 m² olan birmərtəbəli ikiotaqlı bitişik evin çardağının taxta atmaları qarsalanıb, 2 ədəd pəncərə çərçivəsi qırılıb.
Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi F.Əliyevin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xəbəri paylaş