Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Formula 1-in təşkilatçıları DYP-ni və BNA-nı saymır" - Ekspert

                                                                                                
"Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib”. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

O bildirib ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti - Dəniz vağzalı istiqamətində yolun geriyə dönmək üçün nəzərdə tutulan hissəsi bağlanıb: "“Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə “butulka boğazı effekti” yaranıb. Bu səbəbdən də səhər saatlarından hazırkı vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlilov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb. Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı şəkildə olmaqla, Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur.
Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsinə səbəb olur”.
Məsələ ilə bağlı RegionTV.info-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu yolun daralması ilk dəfə deyil:“Ən azı 4 ildir həmin ərazidə yol daraldılırdı. Alternativ yol isə yoxdur. Nefçilər prospektinə alternativ dəniz yoludur, o da yoxdur. Ona görə də Nefçilər prospekti bağlananda Bakıda hərəkət iflic olur.Artıq Bakı şəhər Dövlət Yol Polisi tərəfindən bir sıra küçələrdə xəbərdarlıq nişanları da qoyulub. Hər il keçirilən “Formula 1” yarışı ilə əlaqədar Əziz Əliyev küçəsiylə Neftçilər prospektinin kəsişməsində, yəni Kukla Teatrının qarşısında yol tamamilə daralır. Yol 3 zolaqdan 1 zolağa endirilir. Bunu nə yol polisi, nə də Nəqliyyat Agentliyi edir.

Bu, “Formula 1” təşkilatçılarının qurduğu hərəkət qrafikidir. Yarışın təşkilatçıları Bakı şəhər Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi ilə məsləhətləşməlidir. Yol polisi yolda dəmir, ya da beton quraşdıran deyil. Yol polisinin burada bir günahı yoxdur. Bakı Nəqliyyat Agentliyinin açıqlamasını haqlı görürəm. Yolu daraldanda, hərəkətə hansısa dəyişiklik edəndə mütləq həm yol polisi, həm də Bakı Nəqliyyat Agentliyi ilə məsləhətləşmək lazımdır. Ən azından dünəndən məlumat verilməli idi ki, yol daraldılacaq. Sürücülər də öz işini bilərdilər. Onun nəticəsidir ki, bu gün tıxacın bir ucu Heydər Əliyev prospektində az qala “Koroğlu” metrosuna çatır. Təssəvür edin ki, Kukla Teatrının yanında bir maneə “Koroğlu” metrosuna qədər aparıb çıxarıb. Ona görə də bu qurumlar öz məsuliyyətini dərk etməlidirlər. İndi nə olsun ki, yarış təşkilatçılarıdırlar, niyə yola cavabdeh qurumlarla məsləhətləşmə aparmırlar?"

Elməddin Muradlının sözlərinə görə, əvvəllər yarış təşkilatçıları belə məsuliyyətsizlik etmirdilər:
“Əvvəllər “Formula 1”in mətbuat katibi Nigar Arpadarai idi. İndi deputat seçilib. O, bir az fəal qadın idi, media ilə yaxşı işləyirdi. İndiki yarışın təşkilatçıları bilmirəm nə işlə məşğuldur. Sanki cəmiyyəti saymırlar, sanki bunlar hər şeydən üstündürlər. Necə ürəkləri istəyirsə, elə hərəkət edirlər. Əvvəlcədən məlumatlar çox az yayılır. Nigar xanımdan sonra kimi gətirib qoyublarsa, o, hadisə olandan sonra açıqlama verməklə məşğuldur".

Ekspert sürücülərə yolların bağlanması ilə bağlı xəbərdarlıq edib:
“Yarış bitənədək sürücülər şəhərin mərkəzi yerlərinə gəlməkdən çəkinsinlər. Yarışlar bitənədək hərəkət Lökbatan dairəsindən “20 Yanvar” istiqamətinə yönləndirilir. Heç kim demirsə, biz bunu deyək. Bu gündən bizim çətin günlərimiz başlayır. Yolun daralması ilə Nefçilər prospektində və onunla kəsişən küçələrdə vəziyyət acınacaqlı olacaq. Sürücülər çalışsınlar ki, digər ərazilərdən istifadə etsinlər. Şəhər mərkəzinə gəlməyə cəhd etməsinlər. Mayın 31-i gecədən bütün hərəkət məhdudlaşdırılacaq. Bu prosses iyunun 8-dək davam edəcək”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də