Xaçmazın Qıraqlı kəndində Vətən müharibəsindəki şanlı zəfərimizin şərəfinə "Qələbə" parkı inşa olunub.
RegionTV.info bildirir ki, istirahət parkında zəfər simvolumuza çevrilən xarıbülbülə abidə qoyulub.
Ulu öndər Heydər Əliyevin doğum günü istifadəyə verilən park sakinlərin və kəndə gələn qonaqların sevimli ziyarət yerinə çevrilib. İstirahət guşəsi ölkəmizin ilk uşaq telekanalı "ARB Günəş"in rəhbəri Məhsim Məhsimovun təşəbbüsü ilə ona məxsus həyətyanı sahədə yaradılıb.
400 kvadratmetr ərazisi olan istirahət məkanında dekorativ ağaclar və güllər əkilib, daş cığırların üzərinə oturacaqlar qoyulub. Parkda qoyulan "Xarıbülbül" abidəsinin müəllifi Şıxəli Təhməzovdur. Abidənin ətrafına vurulan mərmər lövhələrdə Milli qəhrəman Yavər Şahbazov, Birinci Qarabağ müharibəsinin şəhidləri və veteranları, Vətən müharibəsinin iştirakçıları, müharibə və silahlı qüvvələr veteranı, polkovnik Heybət Cabarov, ikiqat paralimpiya çempionu, əməkdar idman ustası İlham Zəkiyev haqqında məlumatlar qeyd olunub. Yerli bələdiyyənin qərarı ilə parkın yerləşdiyi küçə "Qələbə" küçəsi adlandırılıb.
Park sakinlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı zəfər tariximizin gələcək nəsillərə ötürülməsi və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynayacaq.
Parkla tanışlıq zamanı Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, zəfər tariximizin təbliği üçün bu kimi layihələr vacibdir: "Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman oğulların xatirəsi daim yaddaşlarda qalacaq. Uzun illər işğalda qalan torpaqlarımız məhz onların şücaəti nəticəsində azad edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə Ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Bütün dövlət qurumları və təşkilatlar tərəfindən Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür".
Əməkdar idman ustası İlham Zəkiyev hər bir şəhər, rayon və kəndlərdə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin qəhrəman döyüşçülərimizə verilən dəyərin göstəricisi olduğunu söyləyib:
"Uşaqlığım bu kənddə keçib və mən çox şadam ki, burada belə bir park salınıb, abidə qoyulub. Bu parkda mənim də xidmətlərimi əks etdirən lövhə var".
Azərbaycanın Milli qəhrəmanı Yavər Şahbazovun atası Əlibala Şahbazov da oğlunun doğulduğu kənddə xatirəsinin əbədiləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Parkın salınmasının təşəbbüskarı olan "ARB Günəş" televiziyasının direktoru Məhsim Məhsimov bildirib ki, kiçik bir kənd olmasına baxmayaraq, Birinci Qarabağ müharibəsində Qıraqlı dörd şəhid verib. Milli qəhrəman Yavər Şahbazov bu kənddə doğulub. Vətən müharibəsində isə iyirmi dörd kənd sakini torpaqlarımızın azadlığı uğurunda döyüşüb:
"Şanlı zəfərimizdən sonra qələbəmizin memarı Ali Baş Komandan, düşmənə diz çökdürən igid oğullarımız və torpaqlarımızın azadlığı uğrunda canını belə əsirgəməyən qəhrəman şəhidlərimiz qarşısında özümə borc bildim ki, bu layihəni həyata keçirim. Arzumu həyata keçirməkdə mənə yardımçı olan bütün vətənsevər insanlara öz təşəkkürümü bildirirəm".
Vətən müharibəsində Xaçmazın 50 qəhrəman oğlu şəhidlik zirvəsinə ucalıb. Birinci Qarabağ savaşında isə bu rayondan 228 nəfər torpaqlarımızın azadlığı uğrunda şəhid olub.
Xəbəri paylaş