Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri Səlimə Abdelhaq Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib və Fondun prezidenti Umud Mirzəyev ilə görüşüb. Görüş zamanı BAMF prezidenti təşkilatın missiyası və fəaliyyəti, tərəfdaşları və sosial, humanitar, infrastruktur layihələri haqda məlumat verib.
Eyni zamanda, o, 1992-ci ildə əsası qoyulandan etibarən təşkilatın həm Cenevrə, həm də Nyu-Yorkda beynəlxalq və regional səviyyədə töhvə verməsinə imkan yaradan BMT ECOSOC yanında Əsas məşvərətçi statusu alana qədər keçdiyi fəaliyyət yolunu izah edib.
Tərəflər iki ölkənin media və vətəndaş cəmiyyəti təşkilatları arasında mümkün əməkdaşlığı müzakirə ediblər və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar. U. Mirzəyev səfirə Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlılar, habelə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayondakı mövcud vəziyyət barədə məlumat verib.
Səlimə Abdelhaq Azərbaycan və onun xalqı barədə müsbət təəssüratlarından danışıb. Əlcəzair Respublikasının bütün münaqişələrdə beynəlxalq qanunvericilik və hüququn tətbiqini dəstəklədiyini söyləyib. O, Əlcəzairin müstəqillik əldə edəndən bəri regional və beynəlxalq ümumi siyasi yanaşmasında sülhü əsas dəyər kimi seçdiyini xatırladıb. Əlcəzair Afrikada və Ərəb dünyasında göstərdiyi səylərin böyük bir hissəsini insanları bir araya gətirən və münaqişə riskini önləyən amil kimi mübahisələrin sülh yolu ilə həlli, vasitəçilik və əməkdaşlıq ilə barışığın təşviqi naminə sərf edib.
O, Əlcəzairin Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü açıq şəkildə tanıyan və işğal olunmuş ərazilərin azad edilməsinə çağıran qətnamələri əsasında həll edilməsini dəstəklədiyini bildirib. O, Əlcəzairdə Dağlıq Qarabağ münaqişəsi barədə vətəndaş cəmiyyəti səviyyəsində məlumatın olmadığını etiraf edib. Buna görə də Əlcəzairdəki medianın və ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılmasında qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.
O, həmçinin Əlcəzairin digər münaqişələrlə əlaqədar mövqeyinə toxunub:
"Əlcəzair Liviyada bitməyən müharibəyə yol açan silahlanma əvəzinə dialoqun tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Qərbi Saxara ilə əlaqədar olaraq mən demək istəyirəm ki, Qərbi Saxara əraziləri Birləşmiş Millətlər Təşkilatının nəzarətsiz ərazilər siyahısında yer alıb və BMT-də dekolonizasiya məsələsi kimi baxılır. Danışıqlar prosesi BMT-nin nəzarətindədir. Qonşu ölkələr kimi Əlcəzair və Mavritaniya da danışıqlar prosesində müşahidəçi olaraq iştirak edirlər ".
Sonda Səlimə Abdelhaqa BAMF tərəfindən hazırlanmış və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi vandalizm aktlarını əks etdirən qısa videoçarx və plakatlar təqdim edilib.