
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən RegionTV.info-ya bildirilib ki, DSX əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
May ayının 20-də Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan "Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb etmişdir.
Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılmışlar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülmüşdür.
Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilmiş, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildirmişlər.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.