Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndinin yarımfinalda çıxışından sonra geyimi və şousu müzakirə olunur.Bir müddət əvvəl Əfəndinin obrazını sosial şəbəkə istifadəçiləri tənqid etsə də, məsələ daha da böyüməyə başlayıb. Daha sonra izləyicilər milli motivlərin olduğu "Mata Hari" mahnısında yallı hissəsindəki geyimi də qınayıb.
RegionTV.info xəbər verir ki,qafqazinfo mövzu ilə bağlı Azərbaycanın tanınmış, sosial şəbəkələrdə aktiv olan mədəniyyət üzvlərinə müraciət edib, onların rəyini öyrənib.
"Avroviziya-2011 " qalibi Eldar Qasımov hesab edir ki, Əfəndinin çıxışında heç bir qəbahət yoxdur:
"Musiqinin heç bir milli mənsubiyyəti, dini, irqi yoxdur. Musiqi elə musiqidir. Beynəlxalq yarışmalarda mahnının daha çox sevilməsi, yayılması üçün beynəlxalq mahnı yaradılmalıdır. Sırf etnik mahnının təqdimatının əleyhinəyəm. Çünki Beynəlxalq aləm həmin musiqini qəbul etməyə bilər. Əgər biz hansısa bir milli xüsusiyyəti təqdim ediriksə, əlbəttə ki, geyim, şouya diqqət yetirilməlidir. Əfəndinin çıxışında heç bir qəbahət görmədim. Biz artıq bu çərçivələrdən çıxmalıyıq. Məsələni mentalitetə yozmaq və bur cür fikirlər səsləndirməkdən yayınmalıyıq. Dünya şöhrətli Beyonse bodidə Müqəddəs Məryəm barədə mahnı oxumuşdu. Heç kəs buna etiraz etmədi, qınamadı. Çünki onun mesajı başqa idi. Ürək və ağıldan ifa edirdi, bədəni, geyimi ilə yox! İlk növbədə hər şey zövqlü olmalıdır".
"Avroviziya -2011"in qalibi Nigar Camal bildirib ki, geyim və xareoqrafiyanı hazırlayarkən təkcə Azərbaycan yox, Avropa tamaşaçısının zövqü də nəzərə alınmalıdır:
"Geyim gözəl, performansa, səhnə quruluşuna uyğun, yaddaqalan olmalıdır. Geyimlə obraz vəhdət təşkil etməlidir. Həmçinin, yarışmanın kriteriyaları nəyi tələb edirsə, ona uyğun davranmaq lazımdır. Azərbaycana səslər Avropadan gəldiyi üçün Avropa tamaşaçısının da zövqü nəzərə alınmalıdır".
Müğənni-bəstəkar Murad Arif qeyd edib ki, insanlar təəssüflər olsun ki, geyim, "dress code" mövzusunu emosional qarşılayır: "Gimnastika, üzgüçülük, voleybol, tennis yarışlarında, baletdə xanımların geyimi necə tələb olunur? Eyni ilə bodi, ayağı açıq, qısa geyimlər seçilir. Təkcə "Avroviziya" yox, pop, mədəniyyət aləmi təsəvvür edin bir balet, üzgüçülük, gimnastika yarışıdır. Burada da nəğmənin tələb etdiyi obraz ola bilər. Aktrisanın canlandırdığı rollara diqqət edin. Bir gün müqəddəs xanımı, növbəti filmdə əyyaş, narkoman obrazını oynayır. Azərbaycan cəmiyyəti pop sektoruna, "Avroviziya" səhnəsinə bu nöqteyi nəzərdən yanaşmalıdır.
Səhnənin, formatın və obrazın tələb etdiyi açıq-saçıqlıq və davranışlar sistemi ola bilər. Hesab edirəm ki, mahnı müsabiqəsində bizim nisbətən qapalı geyinən xanımımız da olub. Dilarə Kazımovanı da misal çəkə bilərəm. Orada açıq-saçıqlıq yox idi. Səbinə Babayevanın da adını çəkə bilərəm. Hər mahnının tempi, janrına, ifaçısının obrazına uyğun olaraq seçilir. Çox həssas mövzudur. Bəzi mahnılara baxırsan ki, orada açıq-saçıqlıq olmaya da bilər. Nigar Camal havalı, uçuşan qısa libası ilə birinci yer tutdu, bütün dünya azərbaycanlıları səhərədək yatmadı, bayrağımızı dalğalandırdı. O zaman yada düşmədi ki, Nigarın ətəyi qısa və havalıdır.
Konkret olaraq Samirə Əfəndinin geyiminə gəldikdə, insanlar yallının həmin libasla uyğunlaşmadığını deyir. Mən ona yallı epizodu kimi baxmıram. Bir rəng vermək istəyiblər. Müzakirəyə açıq mövzudur. Bu mövzuda heç kimin tərəfini tuta bilmirəm. Ümumi nömrədən aldığım effekti, "Avroviziya" tamaşaçısına təsirini bəyəndim".
Müğənni Nura Suri isə vurğulayıb ki, səhnədə çərçivə olmamalıdır: "Ümumiyyətlə səhnədə sərhəd, çərçivə olmamalıdır. Bu nə məntiqsiz söz-söhbətdir, anlamıram. Hər bir uğurumuza, işimizə "mız" qoyulmasa olmur. Həm də bunu özümüzünkülər edir! Torpaqları qaytardıq, ona da neqativ danışanlar az olmadı.
O zamanlar "Qərib cinlər diyarında" filmində Amalya Pənahovanın geyimi barədə neqativ danışanların olduğuna inanmıram. Müasir dünyada geyim söhbəti gülünc görünür".
"Avroviziya - 2014" iştirakçısı, müğənni Dilarə Kazımova deyib ki, Azərbaycan nümayəndə heyətinin yarışmalarda iştirak edən sənətçinin geyim seçiminə diqqətlə yanaşılır:
"Sənətçilərin hansısa bir beynəlxalq müsabiqədə ölkəsini təmsil edən zaman onun geyiminə də diqqət yetirilir. Çalışılır ki, çərçivələr keçilməsin! "Avroviziya" üçün də belədir. Azərbaycan hər zaman maraqlı performanslar təqdim edir! Deyə bilərəm ki, bizim ifaçılar da maraqlı və fərqli olub. Məsələn, mənim, həmkarım Səbinə Babayevanın geyimi obrazlara uyğun olaraq seçilmişdi, qapalı idi. Mənim də "Azərbaycan" adlı mahnımda yallı motivləri var və orada bir az açıq geyimlə rəqs edirəm. Fərqli üslubda mahnıya rəng qatmaq üçün 10 saniyəlik yallı əlavə olunub. Bilmirəm, bəlkə də, doğru deyil. Əslində cavab yoxdur. Özüm bilmirəm ki, bu doğrudur, ya yox?"
Xəbəri paylaş