RegionTV.info
Ölkədə regional turizmin inkişafına təkan verəcək növbəti addımlardan biri Ləki stansiyası -Qəbələ birxətli dəmir yolunun tikilməsidir. Tikintisinə 2018-ci ildə başlanılan Ləki stansiyası -Qəbələ birxətli dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometr təşkil edir. Oxu.Az xəbər verir ki, mayın 18-də “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi istismara hazır olan Ləki stansiyası -Qəbələ birxətli dəmir yolu ilə tanış olub.Burada əsas məqsəd dəmir yolunun Qəbələnin turizm potensialına töhfəsi, yerli və əcnəbi turistlərin şəhərin turizm potensialına əlçatanlığını artırmaqdır.
Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 metr) və tökmələrdən (12 metr) keçir. Bildirilib ki, ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.
Dəmir yolu xətti istismara tam hazır olsa da, hələ ki, sərnişinlərin istifadəsinə verilməyib. Bakıdan Qəbələyədək 311 kilometr dəmir yolu xəttini qatar 3 saat 20 dəqiqə müddətində qət edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunub.
Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir.
Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16 855 paqonmetr beton qanov, 430 paqonmetr drenaj xətti və 277 paqonmetr olan istinad divarının tikintisi tamamlanıb.
Görülən işlərlə tanış olan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, son 36 ildə Balakən istiqamətində yeni dəmiryolu stansiyası inşa edilmişdirsə, müstəqillik dövründə inşa edilən Bakı-Qəbələ dəmiryol stansiyası təqdirəlayiq addımdır:
“Qəbələ turizm baxımından olduqca əlverişli ərazidə yerləşir. Turizm potensialını nəzərə alaraq, Qəbələyə daha çox turist axınını yaratmaq üçün görülən tədbirlər arasında dəmir yolunun inşası müsbət haldır və bu, turist axınını daha da sürətləndirəcək. Qəbələ dəmiryolu stansiyasından şəhərə qədər olan məsafəyə avtobus hərəkəti düzgün tənzimlənərsə, sərnişinlərin daha da rahat gediş-gəlişi təmin ediləcək”.
R.Ağamirzəyev Bakı-Qəbələ istiqamətində qatarların biletlərinin qiymətləri barədə öz proqnozlarını əlavə edib.
“Rəsmi olaraq bu istiqamətdə sərnişinlər üçün gediş haqqı açıqlanmasa da, mənim proqnozlarıma görə, Bakıdan Qəbələyə olan məsafə ilə Bakıdan Gəncəyə olan məsafə arasında ciddi fərq olmadığı üçün qiymətlər də eyni aralıqda ola bilər”.
Qeyd edək ki, dəmir yoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.
Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 600 paqonmetr metal hasar quraşdırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramovanın sözlərinə görə, Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib:
“Qatar bu gün istifadəyə tam hazır vəziyyətdədir. Lakin mövcud pandemiya şəraiti ilə əlaqədar regionlararası və beynəlxalq sərnişindaşıma dayandırılıb. Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə hələ dəqiq məlumat yoxdur, yaxın zamanlarda bu məsələyə də baxılacaq və qiymətlər təyin edildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov isə yeni açılışı olan Qəbələ stansiyasının turizm potensialına təsiri ilə bağlı deyib ki, bu, regional turizm üçün mühüm hadisədir:
“Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət kifayət qədər önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir. Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci pillədə yer alır.
Eyni zamanda Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edir. Bu səbəbdən düşünürəm ki, Bakı-Qəbələ istiqamətində yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil. Bu prosedur Qəbələnin turizm potensialının artırılmasında daha da mühüm rol oynayacaq”.Qeyd edək ki, ən müasir yol nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.
Xəbəri paylaş