Məndə olan məlumata görə, Zəngəzurda hər biri 15 əsgər olmaqla dörd Azərbaycan mövqeyi yaradılacaq!
RegionTV.info xəbər verir ki, bu sözləri Zəngəzurun (Sünik) keçmiş başçısı, Dirçələn Ermənistan Partiyasının lideri Vahe Hakobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, bugünkü danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.
“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq. Mənasızlıq ondadır ki, bizi öz torpaqlarımızda mümkün qədər çox əsgər və mövqelərə sahib olmağa məcbur edirlər.
Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.
Belə çıxır ki, onlar nəinki buradan çıxmadılar, əksinə onlarda artıq postlar və əsgərlər də olacaq!
Səlahiyyətli orqanlar Ermənistan Respublikasının dövlət sərhədini qoruya bilmir, faktiki olaraq sərhədlərimizin dərinliyinə daxil olub qalan azərbaycanlıları qovmağa çalışdılar, lakin bacarmadılar!”
Partiya rəhbəri, bunu səriştəsiz hökumətin növbəti məğlubiyyəti kimi qiymətləndirib.
Həmçinin, Vahe Hakopyan bu razılaşmanı Ermənistan tarixi üçün növbəti və biabırçı razılaşma adlandırıb.
Qeyd edək ki, bundan öncə “Sputnik Ermənistan” danışıqların nəticəsi olaraq Azərbaycan ordusunun geri çəkiləcəyi haqda məlumat yaymışdı. Məlumatı Gorus icmasının sədr müavini İrina Yolyan təsdiqləmişdi.
Erməni deputat Naira Zöhrabyan da danışıqların nəticəsinin Ermənistanın xeyrinə olduğunu bildirmişdi.
Hazırda danışıqların nəticəsi ilə bağlı rəsmi açıqlama və məlumat yoxdur.
Xatırladaq ki, bu gün saat 14:00-dan davam edən danışıqlarda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da iştirak edirdi.
Xəbəri paylaş