Bakı Ağır Cinayətlər Məhkəməsində qızını boğub öldürməkdə ittiham olunan Xaçmaz rayon sakini, 69 yaşlı Ələkbər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.RegionTV.info-nun xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, ötən il dekabrın 25-də Ələkbər Bağırova kürəkəni Rövşən Paşayev zəng vuraraq qızının telefonda müxtəlif kişilərlə danışmasının, görüşməsinin şahidi olduğunu deyib və arvadından ayrıldığını, yaşadıqları evi tərk etdiyini söyləyib. Ə.Bağırov qızının ərinə xəyanət edib-etməməsini araşdırmaq məqsədilə dekabrın 29-da rayondan Bakıya gəlib. Ondan israrla qayınanasıgilə getməyi tələb etdikdə ata-bala arasında mübahisə yaranıb. Mübahisə zamanı əsəblərinə hakim ola bilməyən Ə.Bağırov 43 yaşlı qızı İradə Paşayevanı boğub öldürüb.
Araşdırmalar zamanı məlum olub ki, evliliyin ilk günləri Rövşənlə İradə mehriban dolanıblar. Amma sonradan, təxminən iki il öncə Rövşən İradənin mobil telefonunda başqa kişilərlə əlaqə saxlamasından şübhələnib. Bununla bağlı ər-arvad arasında narazılıq yaranıb. Sonradan İradənin valideynləri Xaçmazdan Bakıya gələrək onları barışdırıb. Hadisədən bir neçə gün əvvəl isə Rövşən qaynatasına zəng vurub İradənin ikinci mobil telefonunu tapdığını, həmin telefonda başqa kişilərlə yazışmalarını gördüyünü, bu dəfə bağışlamayacağını, artıq boşayacağını deyib.
O, İradənin qardaşına zəng vurub eyni sözləri ona da deyib və sübut üçün telefondakı mesajları göndərib. Daha sonrasa İradəni evdə qoyub çıxıb getməsi barədə telefonla video çəkib yollayıb. İradənin valideynləri həmin gün qızları ilə əlaqə saxlamaq istəsələr də, sonuncu ata-anasını zənglərinə cavab verməyib.
Təqsirləndirilən Ələkbər Bağırov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində qızı İradənin telefonda yad kişilərdən mesajlaşdığını öyrəndiyini, məsələni araşdırmaq üçün Bakıya gəldiyini deyib. Qızını sorğu-suala tutunda İradə atasına şantaj olunduğunu bildirib: “ Qızımdan soruşdum ki, bu nə məsələdir? Dedi ki,məni şantaj eləyirlər. Dedim, günahkar deyilsənsə, onda gedərik qaynanangilə orada araşdırarıq”.
Gecəni qızının evində qalan Ə.Bağırov ertəsi gün səhər tezdən ondan qayınanasıgilə getməyi tələb edib. İradənin yerindən tərpənmədiyini görüncə qolundan yapışıb. Ata-bala arasında mübahisə yaranıb. Mübahisə zamanı İradə atasının sinəsindən geri itələyib, ona “get işinlə məşğul ol,mənim işlərinə qarışma” deyib, nalayiq sözlərlə atasını təhqir edib: “Dedim bala, günahsızsansa, gedək sübut elə. Getmək istəmədi, mənə alçaq, vicdansız dedi. Dəhlizdə idman qanteli vardı, qanteli götürüb İradəyə yaxınlaşdım. Qantellə başından vurdum, şokda idim, özümü itirmişdim. Bir də onda ayıldım ki, oturmuşam üstündə əllərim boğazındadı...”
Övladını boğub öldürən ata hadisə yerini tərk edərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.
Ə.Bağırov deyir ki, qızının başqa kişilərlə yazımalarını, səsli mesajları onlara kürəkəni Rövşən Paşayev yollayıb. Həmin səsli mesajlardan bir neçəsinə qulaq asıb: “Telefonda görüntülər də olub, mənə göstərmədilər. Səsli mesajları Rövşən yollayıb bizə”.
Dövlət ittihamçısının suallarını cavablandıran Ə.Bağırov qızı İradənin iki dəfə ərdə olduğunu deyib: “Bir dəfə boşanmışdı, bu, ikinci ailəsi idi. Birinci nikahdan olan uşağı atasının yanında qalır. Rövşənlə 2004-cü ildə ailə qurdu. İki övladı var. Birinin 13, o birinin 15 yaşı var”.
Dövlət ittihamçı övlad qatilinə suallar yağıdırıb: “ Qızının əxlaqsız olduğunu müəyyənləşdirə bildinmi? Səbəb nə idi? Niyə qızını öldürmüsən? Bəlkə heç günahı yox idi. Onun haqqında çox şey deyə bilərdilər” . Ə.Bağırov isə “səbəb olub, öldürmüşəm” cavabı verib.
Bu dəfə hakim müttəhimə üz tutub: “Hər şeyi aç danış, burada sənin taleyin həll olunur”. Dedikdə təqsirləndirilən şəxs isə “elə şeylər var, danışmaq olmur” deyib.
Zərərçəkmiş qismində dindirilən Zərifə Bağırova ifadəsində hadisə yerində olmadığını deyib: “Oğlum dedi ki, Rövşən İradənin telefonuna başqa kişilərdən gələn yazışmaları, şəkilləri, səsli mesajları göndərib”.
Məhkəmə prosesində mərhum İ.Paşayevanın həyat yoldaşı Rövşən Paşayev də iştirak edib. Növbəti məhkəmə prosesində R.Paşayev şahid qismində dindiriləcək.
Məhkəmə prosesi iyunun 11-də davam edəcək.
Xəbəri paylaş