RegionTV.info
“Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı Zəfər tariximizin yeni bir salnaməsi oldu. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun misilsiz fədakarlığı nəticəsində əldə etdiyimiz Qələbə münasibətilə keçirilən Zəfər paradından sonra bu festival ikinci böyük və təntənəli tədbir idi. Bu tarixi anlara şahid olmaq, festivalın iştirakçısı olmaq mənim üçün böyük şərəf oldu. Festivalda iştiraka dəvət olunduğum üçün tədbirin təşkilatçısı Heydər Əliyev Fonduna, Birinci Vitse-prezident Mehriban xanım Əlievaya şəxsi təşəkkürümü bildirirəm”. Bu fikirləri Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov söyləyib. Millət vəkili bildirib ki, Şuşada ilk dəfə idi olub: “Tale elə gətirmişdi ki, mən əvvəl Şuşada olmamışdım. Şuşaya ilk gedişim belə bir tarixi məqama düşdü. Şuşa Azərbaycanın mədəniyyət beşiyi, Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə onlarla tarixi şəxsiyyət vermiş müqəddəs diyarımızdır. Qəti əminəm ki, çox da uzaq olmayan bir vaxtda, cənab Prezidentin birbaşa rəhbərliyi və təşəbbüsləri ilə Şuşa nəinki Azərbaycanın, Cənubi Qafqazın musiqi, mədəniyyət mərkəzi olacaq, eyni zamanda, bütün dünyaya səs salacaq. Şuşada gördüklərim, aparılan işlərin miqyası bunu deməyə əsas verir”. A.Məmmədov ümid etdiyini bildirib ki, işğaldan azad olunmuş digər ərazilərimizdə də bənzər tədbirlər keçiriləcək: “Bu baxımdan, gələcəkdə saz və söz məkanı olan Kəlbəcər rayonunda Azərbaycan aşıqlarının ənənəvi festivalları təşkil oluna bilər”.
Xəbəri paylaş