RegionTV.info oxucularını yerli bankların və onların sahiblərinin qazancı barədə məlumatlandırmağa davam edir. Növbəti araşdırmamızın qəhrəmanları Muğan Bank və 2005-2015-ci illər ərzində Milli Məclisin deputatı olmuş Əhməd Vəliyevdir.
"Muğan Bank"ın məhz Əhməd Vəliyevə məxsus olması az qala hər kəsə məlumdur. Hərçənd, bankın rəsmi səhmdarları keçmiş deputatın qızı, kürəkəni və qudalarıdır. Səhmdar kapitalının 66.17%-nə nəzarət edən Elmir Maqbet oğlu Mehdiyev Əhməd Vəliyevin qızı Vəfa Vəliyevanın həyat yoldaşıdır. Vəfa Vəliyevaya isə səhmdar kapitalından 11.17% pay düşüb. Elmir Mehdiyevin valideynləri Maqbet Mehdiyev və Fəridə Mehdiyeva isə müvafiq olaraq 12.14% və 10.52%-lik səhm paketinə nəzarət edir.
Qeyd edək ki, 2021-ci ilin martın 30-da Muğan Bank nizamnamə kapitalını 5 milyon manat artıraraq 107.5 milyon manata çatdırıb.
"QOHUMUMUN BANKIDIR"
Həmin vaxt Muğan Bankın bağlanması gündəmdə idi. Lakin illərdir bank-maliyyə sektoru barədə xəbər istehsal jurnalistlər yaxşı bilir ki, Muğan Bankın qeyri-rəsmi sahibi Əhməd Vəliyevdir.
REKTORUN OKSİGENİ
Əhməd Vəliyev 1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur. Hətta iki çağırış millət vəkili olması da buna mane olmadı. Fizika-riyaziyyat elmləri doktorudur. Üstəlik, Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni təhsil texnologiyalarının tətbiqindəki nəaliyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülüb.
Mətbuatın yazdığına görə, “Oksigen” klinikası da rektora məxsusdur. Adıçəkilən klinikanın illərdir fəaliyyətdə olması onu göstərir ki, cənab Vəliyevin riyazi hesablamaları özünü doğrultdu. Onun adı ilə əlaqələndirilən daha bir biznes layihəsi isə “Fresco” adlı marketlər şəbəkəsidir. Şəbəkənin taleyi isə göstərdi ki, hətta güclü riyaziyyatçılar da bəzən hesablamalarda yanlışa yol verə bilirmiş.
MUĞAN ADLI BANKIN DAĞ BOYDA DƏRDİ
Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev düz 21 ildir (2000-ci ildən) əsas səhmdar olmaqla yanaşı, bankın Müşahidə Şurasının sədridir. Azərbaycana xas olan tipik üsulla idarə olunan bankın tipik problemləri var. Digər banklar kimi, Muğan Bank da manatın devalvasiyasına qədər yüksək qazanc əldə edə bilirdi.
RegionTV.info bankın audit hesabatına (2009-cu ildən açıqlanır) istinadən hesablamalar aparıb və müəyyən edib ki, son 10 ildə Muğan Bank 22 milyon manata yaxın mənfəət əldə edib. Bu vəsaitin hamısı Mehdiyevlər ailəsinin cibinə axıb.
Milli valyutanın ucuzlaşması bankın bütün problemlərini ortaya çıxardı. 2015-ci ili bank 444 min manat mənfəətlə bağlaya bilsə də, 2016-cı ildə 20 milyon manat, 2017-ci ildə isə 7.8 milyon manat zərərlə üzləşdi.
2018-ci ildə bank 1 milyon manatdan bir qədər artıq qazanc əldə etsə də, 2019-cu ildə zərər 28 milyon manata yaxınlaşırdı. Ötən il əldə olunan 707 min manatlıq mənfəət bankın dərdinə dərman ola bilmədi.
Baxmayaraq ki, səhmdarlar arasında həm maliyyəçi var, həm də həkim (Vəfa Vəliyeva ixtisasca həkimdir). Elmir Mehdiyev isə problemləri müşahidə etməyə davam edir. Hazırda bankın bölüşdürülməmiş zərəri 25 milyon manatdan bir qədər azdır.
2020-ci ildə Muğan Bankın aktivləri 10.6% azalaraq 591 milyon manata enib. Aktivlərin 328 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Yeri gəlmişkən, ötən il bankın kredit portfeli 8.3% azalıb. Bankın depozit portfeli isə 16.7% azalaraq 279 milyon manata düşüb.
2021-ci ilə Muğan Bank yaxşı başlayıb. Rüblük hesabatdan bəlli olur ki, bankın mənfəəti 1.6 milyona yaxındır. Halbuki, bank ötən ilin eyni dövrünü 1.3 milyon manat zərərlə başa vurmuşdu.
Bankın aktivləri 1% və kredit portfeli isə 9% azalıb. Muğan Bankdan depozit axını da davam edir. Bankın depozit portfeli 7.6% azalaraq 250.4 milyon manata düşüb.
Xəbəri paylaş