Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi

RegionTV.info                                                                                                 
Paytaxt sakini Seymur Quliyev Milli Məclisin üzvü Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadəni, həmçinin atası, keçmiş deputat Qalib Salahzadəni məhkəməyə verib.
Sabunçu rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə üçüncü şəxs, prezident İlham Əliyev isə maraqlı şəxs qismində təqdim olunub.
“Prezident çıxışında bildirmişdi ki, vətəndaşlar məmur özbaşınalığı barədə ona yazsınlar, məlumatlandırsınlar. Mən illərdir müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına şikayətlər göndərirəm. Ola bilsin ki, prezidentə çatmır. İstəyirəm ki, bu yolla onu ölkədə məmurların vətəndaşların başına açdığı oyunlardan xəbərdar edim”, – iddiaçı AzadlıqRadiosu-na bildirib.
Quliyevin əlində Bilgəh qəsəbəsində dəniz sahilində yerləşən 20 sot əraziyə mülkiyyət hüququnu təsdiqləyən çıxarış var. O deyir ki, 2004-cü ildə aldığı bu əmlakı Salahzadələr ailəsi tərəfindən zəbt olunub, bağın içində tikdirdiyi 3 və 2 mərtəbəli iki evi, həyətdəki hovuzu sökülüb.
Mübahisəli əmlaka 2012-ci ildə deputat Əliabbas Salahzadənin həyat yoldaşı, şeyxin isə qızı olan Xatirə Salahzadənin adına çıxarış alınıb. Quliyevin şikayəti əsasında məhkəmə o çıxarışı ləğv edib. Buna baxmayaraq, o, hələ də öz əmlakından istifadə edə bilmədiyini deyir.
“Əlimdə mülkiyyət sənədi olan əmlakımdan zorla çıxarıldıq. Bağ evlərimiz buldozerin ağzına verilib söküldü. Uşaqlarımın oyuncaqlarına qədər götürüb apardılar. Yerli məhkəmələr ədalətli qərar versələr də, indiyədək mən öz əmlakımın ərazisinə daxil ola bilmirəm, şlaqbaum var. Mənim ərazimdən yayda – dəniz mövsümündə avtodayanacaq kimi istifadə olunub, pul toplanılır”, – Quliyev bildirib.
O, iddia ərizəsində ərazinin boşaldılması, dağıdılmış əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, maddi ziyana görə 3 milyon, mənəvi ziyana görə 2 milyon, beş il ərzində oradan dayanacaq kimi istifadə olunmasına görə isə 450 min manat pulun cavabdehlərdən tutulub ona verilməsi tələbini qoyub.
Salahzadələr ailəsinin bu iddiaya münasibətini öyrənmək mümkün olmayıb.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Quliyevin şikayəti əsasında CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsində aparılan istintaqa Qalib Salahzadə də cəlb olunub. Onunla bağlı istintaq hərəkətləri aparılıb.
2020-ci ildə istintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var.
Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də