
Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüquq da başa çatdığından küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub, xörək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir.
***
1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilir. Burada işləyən vaxt Mərkəzi komitənin təbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir.

***
Elə həmin ərəfədə başqa bir qızı sevir, ona çox bağlanır. Qızgilin evinə gedib anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir. Qızın anası artistə qız verməyəcəyini deyir. Arif məcburiyyət qarşısında qalıb, sevdiyi qızdan ayrılır. Ancaq Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına elçiliyə gəlir, qızını ona vermək istədiyini bildirir. Bu dəfə də Arif onlara yox cavabını verir.
***
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir.

***
Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

***
Arif Quliyev qocalar evinə gedəndə ora atılan ana və ataların qarşısında diz çöküb ağlayır, illərlə onlar kimi ata-ana axtardığını deyir. O, ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, valideynləri onu atdığına görə heç vaxt onları qınamayıb. Əksinə onu dünyaya gətirdikləri üçün valideynlərinə can sağlığı arzulayıb.
***
Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o, hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Və 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur.

***
Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər.

***
Arif Quliyevin xanımı ağır xəstəliyə - Hepatit C virusuna yoluxur. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Bu haqda açıqlama verən Arif Quliyev heç kimdən kömək istəmir, həyat yoldaşının müalicəsi üçün vəsaiti özü qazanacağını söyləyir.


***
Onun yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim" bədii filmlərdəki obrazları da yaddaqalandır.
***
1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına və Xalq artisti adına layiq görülüb.
***
Arif Quliyev ötən gecə koronavirus xəstəliyindən vəfat edib.