Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qara-Təhlə kəndində biədəb əhvalatlar baş verməkdədir. RegionTV.info xəbər verir ki, kəndin 25 yaşlı sakini Ə.Ovçuyeva kəndin digər sakini, 75 yaşlı Qafarov (adı göstərilmir) ona göz dikib. Təzyiqlər göstərərək onunla “yatmasını” tələb edir, üstəlik divarlarda qadının ünvanına söyüşlər yazır. Gənc qadın bildirir ki, ahıl yaşda olan həmkəndlisi gecə saatlarında ona mesajlar yazır, birgə yaşamalarını təklif edir. Əks halda qadını kənddə biabır edəcəyi ilə hədələyir. Kəndin küçələrində qadının haqqında təhqiramiz sözlər yazılmış vərəqlər də yapışdırılıb. Yaşlı kişi habelə boya ilə divarlara qadının əxlaqsızlıqla məşğul olduğu haqda “şüarlar” da həkk edib.
“Gecə saat 1-də mesaj yazıb ki, bu axşam gəl yanımda qal, yoxsa səni kənddə biabır edəcəm. Elə həmin gecə polisə şikayət etdim. Guya ki, içkili olub. Onun etdiklərinə görə anam kənddə çalışdığı mağazada işdən çıxıb. Divarlara kağızlar yapışdırılıb, həmin kağızlarda barəmdə əxlaqsız sözlər yazılıb, 90 kişinin adı çəkilir”,-şikayətçi danışıb.
Şikayətçinin anası isə bildirib ki, qızına qarşı edilən hərəkətlərə görə səhhətində problemlər yaranıb: “Kişinin özündən soruşuram ki, mənim qızımdan nə istəyirsən? Deyir ki, qızını sevirəm. 25 yaşlı qız getsin 75 yaşlı kişiyə arvadlıq eləsin? Bizim şikayətlərə baxan yoxdur. Mağaza işlədirəm. Müxtəlif qurumlara yazır, mağazada yoxlamalar aparılır, cərimələr yazılır. Şahidlərim var, vərəqələri yapışdırdığı yerdə şəkillərini çəkmişəm. O, istəyir ki, vurub onu öldürəm, amma bu iş qanunla həll edilməlidir. Polisə şikayətə getməkdən yorulmuşam, taksilərə verməyə pulum qalmayıb. Pul verib, hamını susdurur. Dövlətdən xahiş edirəm, bizə köməklik edilsin”,-şikayətçinin anası deyib. Ana-balanın ittiham etdikləri Qafarov isə bildirib ki, ona böhtan atırlar. “Həmin şəxslər mənim evimdən oğurluq ediblər, iş Qardabanda prokurorluqda araşdırılır. Onlardan şikayət eləmişəm. Oğurlanan malların yarısını geri qaytardılar, yarısını qaytarmayıblar. Bütün kəndi aldadırlar, camaatın həyətindən soğan, sarımsaq oğurlayırlar. Mən məktəb direktoru işləmişəm, balaca uşaq döyüləm ki, oyun oynayam. Ona yazmışam ki, pulumu gətir, 2 min lari almışdılar məndən, hələ də min lari borcludurlar”, -Qafarov deyib.
Şikayətçilərin təqdim etdikləri görüntülərdə isə Qafarovun əlində boya ilə getdiyi görünür. Qafarov isə deyib ki, divarlara təhqirlər yazan, yaxud təhqir dolu sözlər yazılmış kağızlar yapışdıran o deyil.
Xəbəri paylaş