Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Məsimli: “Neftə ümid etmək hər dəfə 2015-ci ildəki böhrana qayıtmaq riski deməkdir”






Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi ‎özünün 170 ildən artıq tarixi ərzində əsasən 3 böyük mərhələdən ibarət bir inkişaf yolu keçib. Neftin sənaye üsulu ilə hasilatının əsası XIX əsrin ortalarında Azərbaycanda qoyulub, həmin əsrin sonlarında isə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxıb və dünya neft hasilatının yarısını verib. 

Azərbaycan nefti İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsinin təmin edilməsində və beləliklə müharibənin gedişinin dəyişməsində həlledici amillərdən biri olub. Müharibə illərində Azərbaycan neftçiləri ümumilikdə 75 milyon ton neft hasil ediblər. Müharibə zamanı keçmiş SSRİ üzrə istehsal edilən ümumi benzinin 80%-i, müxtəlif yağların isə 96%-i Bakıda istehsal edilib. Bunların nəticəsində isə müharibənin taleyini həll edən hər beş sovet təyyarəsindən, tank və avtomaşınından dördü Azərbaycan neftindən alınmış benzinlə hərəkət edib. Azərbaycan xalqı müstəqillik qazandıqdan ‎sonra ölkədə neft sənayesinin yeni mərhələsi başlayıb. 26 il bundan əvvəl- 1994-cü il sentyabrın 20-də Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması ilə üçüncü mərhələnin əsası qoyulub. Müstəqillik illərində “Əsrin müqaviləsi”ndən “Cənub” qaz dəhlizinədək böyük yol keçib.Yeni neft strategiyasının reallaşdırılması prosesində iqtisadiyyatımıza yönəldilən sərmayələrin əsas istiqamətinə uyğun olaraq, ölkəmizdə neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modeli formalaşıb. 

Amma hər dəfə neft qiymətlərinin bahalaşmasına ümid etmək, iqtisadiyyatı neft qiymətlərinə əsasən planlaşdırmaq bizi geri salmırmı? 

 Yeni iqtisadi modelin formulu 

Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a yeni iqtisadi inkişaf modeli üçün daha çox xarakterik olan cəhətlərləri sadalayıb: 

“Birincisi, ölkənin sosial-iqtisadi həyatında, ümumi daxili məhsulda (ÜDM), sənayedə, büdcədə, ixracda neft amilinin payının yüksək olması, əksər layihələrin neft gəlirlərindən qidalanması. Neft bumu dövründə Azərbaycanın ÜDM-nin 60 faizindən çoxu, sənayenin 90 faizə yaxını, büdcə gəlirlərinin üçdə ikisinə yaxınını, ixracımızın 90 faizindən çoxunu neft amili təşkil edib. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, 2010-cu ildən sonra neft hasilatının 51 milyon tona çatan pik nöqtədən aşağı düşməyə meyllənməsi və 2019-ci ildə 37,5 milyon tona enməsi, eləcə də aşağı neft qiymətləri dövrünün başlaması ölkənin ÜDM-də neft amilinin payının azalmasına gətirib çıxardı. 2019-cu ildə neftin bir barelinin orta illik qiyməti 64 dollar olduğu şəraitdə neft sektoru ÜDM-in 38 faizini verib, 2020-ci ilin 8 ayının orta göstəricisi 40 dolların ətrafında olduğundan, onun ÜDM-də xüsusi çəkisi 31 faizə enib. Bu ilin dövlət büdcəsində neft amilinin payı 58 faiz, 2021-ci ilin büdcəsində isə 57,3 faiz proqnozlaşdırılıb.Bu ilin 7 ayının nəticələrinə görə, Azərbaycanın ixracının 87 faizi neft və neft məhsullarından ibarətdir”.

Enerjidaşıyıcı ölkələr və Azərbaycan 

Deputat ikinci səbəb kimi MDB ölkələri, eləcə də bu qurumun enerjidaşıyıcılı ölkələrindən olan Rusiya və Qazaxıstanla müqayisədə Azərbaycanın iqtisadi inkişaf modelinin daha yüksək artım təmin etməsini göstərib: 

“2000-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatı əsasən neft amilinin hesabına 5-35 faiz intervalında artıb, ildə orta hesabla 15 faiz böyümə nümayiş etdirib. Bu cür qeyri-adi artım templəri nəticəsində müstəqillik illərində (2014-cü ildə neftin qiymətinin 4 dəfədən çox aşağı düşənə qədər) MDB ölkələrində orta artımın 2 dəfə olması fonunda Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox artıb”.

Neft sazişləri, qlobal layihələr 

Ə.Məsimli həmçinin qeyd edib ki, neft sazişləri ölkə iqtisadiyyatına xarici sərmayə qoyuluşunun sürətlə artmasına müsbət təsir edib: 

“İri kapitalın Azərbaycana gəlişi,bir sıra sahələrə orta kapitalın da gəlişinə müsbət təsir edib. Ölkə iqtisadiyyatına, yarısı xarici sərmayə olmaqla, 270 milyard dollardan artıq sərmayə yatırılıb. 

Maliyyə təhlükəsizliyinin yetərincə təmin edilməsi də əsas səbəblərdəndir. Əməli fəaliyyətə başladığı 2001-ci ilin iyul ayından bu yana 2020-ci ilin ortalarına qədərki dövrdə Dövlət Neft Fonduna (ARDNF) 155 milyard dollara yaxın vəsait daxil olub. Azərbaycan müxtəlif illərdə ölkənin ÜDM-dən yüksək və ÜDM-nə yaxın səviyyədə strateji valyuta ehtiyatlarına malik olub. 2020-ci ilin 1 iyul tarixinə olan məlumata görə, ARDNF-nin aktivləri 43 223 milyon ABŞ dollar olub ki,bu da 2019-cu ilin ÜDM-nin 90 faizi səviyyəsindədir. 

Neft gəlirlərindən formalaşan strateji valyuta ehtiyatları hesabına büdcənin dayanıqlılığının və artımının təmin edilməsi,infrastrukturun yeniləşdiriilməsi və bir sıra qlobal xarakterli, eləcə də sosial layihələrin həyat keçirilməsi istiqamətlərində xeyli iş görülüb. 

Ümumilikdə, Neft Fondundan Dövlət büdcəsinə 105, 6 milyard manat, Mərkəzi Banka-4 milyard manata yaxın transfertlər olub. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsi 297,9 milyon manat, Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılmasına 2 642,7 milyon manat (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi davam edir), Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsinə 779,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1 469 milyon manat,Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinə 748,6 milyon manat, Cənub Qaz Dəhlizinə 1 530 milyon manat vəsait ayrılıb”.

Azərbaycanın qaz satışından gəlirləri 

Deputat bildirib ki, neft bumu, tikinti bumu ilə müşayət olunub və onun multiplikativ effekti iqtisadiyyyatın bir sıra səhələrinin genişlənməsinə müəyyən impuls verib: 

“Həmçinin, Azərbaycann öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, XXI əsrin qlobal energetika siyasətinə korrektələr və regionun,eləcə də Avropanın enerji təhlüksisliyinə töhfələr verir. 2017-ci il sentyabrın 14-də Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib yenidən işlənməsilə bağlı saziş imzaladı. Neft strategiyasının son illər ölkəmizə gətirdiyi dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin həyata keçirilməsi Azərbaycanı dünyaya orta miqdarda qaz ixrac edə bilən bir ölkə kimi tanıtdı. Azərbaycanın qaz satışından əldə edəcəyi gəlirlər 2020-ci ildən sonraya planlaşdırılır.

Cənub Qaz Dəhlizi layihəsi gəlirlilik baxımından, orta və uzunmüddətli pespektivə hesablanmış layihədir. Bununla belə, neft amilinin aparıcı roluna əsaslanan model resursa dayanıqlı iqtisadi inkişaf modeli olduğundan, ölkəmizdə neft hasilatının pik həddinə çatdıqdan sonra azalmağa başalaması,eləcə də dünya bazarlarında neftin qiymətinin kəskin azalması ilə onun zəif tərəfləri, uzunmüddətli perspektivlər baxımında təhlükəli məqamları ortaya çıxmış oldu. Qeyd etdiyimiz kimi, 2010-cu ildən sonra neft hasilatı 51 milyon tondan 2019-ci ildə 37,5 milyon tona enməsinə uyğun surətdə Azərbaycanda ÜDM-nin artım tempi də aşağı düşməyə meyllənib”. 

 2015-ci il devalvasiyaları və neftdən üzülən əl... 

Parlament üzvü deyib ki, 2014-cü ildə neft qiymətlərinin kəskin surətdə aşağı düşməsi və əsasən onun təsiri ilə 2015-ci ilin 21 fevral və 21 dekabr tarixli iki şok devalvasiyadan sonra Azərbaycanın iqtisadiyyyatın real, maliyyə və sosial sektorlarında üzləşdiyi sərt problemlər inkişaf templərimizi xeyli dərəcədə yavaşladıb: 

“2014-cü ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasının mənfi təsirləri 2015-ci ilin ikinci yarısından etibarən Azərbaycan iqtisadiyyatında müşahidə edilməyə başlayıb. Mənfi təsir, ilk növbədə, tədiyə balansına, daha sonra iqtisadi artımın maliyyələşmə kanalları üzərindən iqtisadi aktivliyə ötürülmüşdü. ABŞ dollarına nisbətdə manatın məzənnəsi 2 dəfədən çox ucuzlaşmış, maliyyə sabitliyinin təmini üzrə bir sıra risklər formalaşmış, dövlət borcunun ödənilməsi üzrə fiskal yük xeyli artmışdı. Devalvasiyadan sonra ÜDM 2016-cı ildə 3,8 faiz aşağı düşüb. 2017-ci ildə 0,1 faiz, 2018-ci ildə 1,5 faiz, 2019-cu ldə isə 2,2 faiz artım olub ki, bunun da orta illik kəmiyyəti qlobal iqtisadiyyytaın orta illik artım tempindən 2,5 dəfə aşağı alınır. Beləliklə neft bumu mərhələsində dünya iqtisadiyyatının orta illik artım tempindən 5 dəfə yüksək sürətlə artan Azərbaycan iqtisadiyyatı 2015-ci ilin devalvasiyalarından sonra resesiyaya və ardınca isə yavaşımış artım trayektoriyasına keçib”.

 “Azərbaycanda neftdən çox asılıdır” 

Deputat rəqəmlərin müqayisəsinə əsasən qeyd edib ki, Azərbaycan iqtisadiyyyatı neft amilindən məqbul hesab edilə bilən həddən xeyli çox asılıdır: 

“Koronavirus pandemiyası da ölkə iqtisadiyyatına mənfi təsir göstərir, nəticədə ölkə iqtisadiyyatı daralır. 2020-ci ilin 8 ayının nəticələrinə görə ÜDM-nin 3 faiz azalması neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, həm də koronovirus pandemiyasının fəsadları ilə bağlıdır. Bu vəziyyət əyani şəkildə göstərir ki, ölkəmizdə neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modeli artıq səmərəli fəaliyyət göstərə və iqtisadi artımın generatoru rolunu oynaya bilmir. Ona görə də dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımızın bütün sahələrinə ciddi şəkildə mənfi təsir göstərir. Bu özünü 2014-cü ildə neft qiymətlərinin 4 dəfə aşağı düşməsindən sonra yenidən 2020-ci ildə neftin qiymətinin 2019-cu ildəki ortalama 64 dollardan 40 dolların ətrafına enməsində əyani şəkildə göstərməyə davam edir”.

 “Əhalinin gəlirləri azaldıqca, ərzaq malları bahalaşır” 

Onun fikrincə, koronavirus pandemiyasının yaratdığı fəsadlardan əlavə neft qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatında aşağıdakı istiqamətlərdə mənfi meyillər yaradır: 

“2020-ci ildə neftin qiyməti orta hesabla 35 dollar olarsa, ÜDM-nin 4,3 faiz, 40 dollar olsa-3,7 faiz,45 dallar olarsa- 3 faizə qədər enməsi proqnozlaşdırılıb. Müsbət dinamikanı qoruyub saxlaya bilən qeyri neft-qaz sənayesi, kənd təsərrüfatı məhsulu, informasiya və rabitə xidmətləri kredit qoyuluşları və sair bu kimi sahələrdə isə artım templəri zəifləyir. Neftin qiyməti aşağı düşdükcə ölkəyə daxil olan neft gəlirləri azaldığından, tədiyyə balansında vəziyyət gərginləşir. Cari hesablar üzrə bu il 3 faizlik mənfi saldo gözlənilir və manata təzyiq artır. Maliyyə-bank sektorunda vəziyyət pisləşir. Bankların bir hissəsi pandemiyanın doğurduğu problemlərə duruş gətirə bilsə də, digər hissəsinin vəziyyəti pisləşib. Ümumi qiymət artımı sürətlənməsə də, inflyasiyanın artması, xüsusən də ərzaq mallarının bahalaşması müşahidə olunur. Bir sıra strukturların tam gücü ilə işləyə bilməməsi və dayanmalar nəticəsində iş yerləri ixtisar olunur, işsizliyin artması müşahidə olunur. Sosial proqramların dairəsə genişləndirilsə də, əhalinin daha çox işlətdiyi mal və xidmətlərin qiymətlərinin artması şəraitində əhalinin real gəlirlərinin azalması prosesi başlayıb”.

 İqtisadiyyatımızın inkişafı üçün “qara qızıl”ın qiyməti 2 dəfə bahalaşmalıdır 

Ə.Məsimli bildirib ki, Azərbaycan iqtisadiyyatının normal hesab edilə biləcək fəaliyyəti üçün dünya bazarında neftin qiyməti indikindən təqribən 2 dəfə yüksək olmalıdır:

“Neftin 20 dollardan aşağı enən qiymətləri ilə müqayisədə hazırkı 40 dollar ətrafındakı qiyməti risk və təhlükələrin kəskinləşməməsi baxımından qənaətbəxş görünür. Amma qlobal və regional trendlər fonunda aparılan araşdırmalar göstərir ki, hazırkı model yaxın perspektivdə heç bir əsas parametr üzrə neft qiymətlərinin əvvəlki illər səviyyəsində yükəsəlməsini ehtiva etmir. Bu cür aşağı neft qiymətləri dövründə isə Azərbaycan iqtisadiyyatı “rahat nəfəs ala bilmir.

Bu il neft qiymətləri düşdüyünə görə valyuta gəlirlərimiz əhəmiyyətli dərəcədə azalmağa başlayıb. Azərbaycan Prezidentinin 31 avqust 2020-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcə proqnozlarında neftin qiyməti 55 dollardan 35 dollara endirilib. Fərmana uyğun olaraq ARDNF-nin 2020-ci il üçün büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Fondun 55 dollar üzrə hesablanmış büdcə gəlirləri 12 384 mln. manatdan ( 7285 milyon dollar) 35 dollar üzrə yenidən hesablanaraq 7 833 min manata ( 4608 mln dollar) qədər azaldılıb və büdcə xərcləri isə 11 5 990 mln. manatdan( 6818 mln.dollar) 12 440 mln. manata qədər (7318 mln. dollar) artırılıb. Neft bumu dövründə neft gəlirlərimiz 15 milyard, bəzən 20 milyard dolların ətrafında idisə, 2020-ci ildə proqnozların əsasına qoyuluş 35 dollarlıq göstərici əvəzinə 40 dolların ətrafında davam edən hazırkı qiymətlər şəraitində 5,3-5,5 milyard dollar ətrafında gəlir gözlənilir.

Ölkəyə xaricdən gələn valyutanı artırmaq üçün iqtisadiyyatımız əsaslı surətdə modernləşməli, şaxələndirilməli, neftdən və onun törətdiyi xarici konyukturdan asılılıq əhəmiyyətli dərcədə azaldılmalı, qeyri-neft sektoru hərtərəfli və rəqabətə davamlı şəkildə inkişaf etdirilməlidir. Sözügedən istiqamətlərdə nəzərçarpan irəliləyişlərə nail ola bilməsək, iqtisadiyyatımızın dünya neft bazarının konyukturundan asılılığı davam edəcək, neftin qiyməti hər dəfə düşəndə 2015-2016-cı illərdə və bu il özünü göstərən problemlərlə üzləşəcəyik. Göründüyü kimi neft amili Azərbaycan iqtisadiyyatında çox mühüm yer tutur və hələ bir müddət də tutmaqda davam edəcək. Amma neft amilinin aparıcı roluna əsaslalanan iqtisadi inkişaf modelinin bundan sonra da davam etməsi perspektivsiz və sadalanan bir sıra cəhətlərinə görə həm də çox ziyanlıdır. Bu ziyandan az itki ilə çıxmaqdan ötrü dərinləşdirilmiş islahatlar vasitəsilə iqtisadi inkişf modelimiz və idaretmə fəlsəfəsi köklü surətdə dəyişdirilməlidir. Ona görə də yaşadığımız çox gərgin, mürəkkəb və koronovirus pandemiyasının fəsadlarından qaynaqlanan qeyri-müəyyənliklərlə zəngin mərhələdə yeni çağırışlara dolğun cavab verməkdən və pandemiyadan sonra iqtisadiyyatın real, maliyyə, sosial sferalarında qarşıda duran problemlərin həllini sürətləndirməkdən ötrü, sürətli artıma təsir imkаnlаrı tükənmiş neft amilinin аpаrıcı rоlunа əsаslаnаn mоdеldən ölkənin davamlı inkiafına və regionların tərəqqisinə təminat yaradan iqtisadi inkişaf modelinə-Azərbaycanın «üç amil» prinsipinə əsаslаnаn optimal inkişaf modelinə keçməsi obyektiv tələbata çevrilib. Azərbaycanın "üç amil" prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geosiyasi üstünlüklərdən yararlanmaqla inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabətqabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bu mоdеlin nüvəsini insan amili təşkil etdiyindən, həyatımızın ictimаi-siyаsi, hüquqi, iqtisadi, sоsiаl, еkоlоji və digər tərəflərinə şamil оlunmаlı dəyərlər sistemi önə çəkilməlidir. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə neft gəlirlərindən asılılığı azaltmaq və qeyri-neft sektorunun inkişafının təmin etmək, bеynəlхаlq prаktikаdа оlаn mütərəqqi cəhətlərdən yаrаdıcılıqlа istifаdə еdərək intеllеktuаl, tехnоlоji və mаliyyə rеsurslаrını аrtırmаq və səmərəli istifadə etməklə Аzərbаycаndа innоvаsiyа sıçrаyışınа nail оlmаq və bu əsasda əhalinin bütün təbəqələri üçün layiqlı həyat səviyyəsini təmin etmək bu mоdеlin əsas qayəsini təşkil edir. Yeni inkişaf modelinin hərəkətverici qüvvəsi neft,qaz yox, neft gəlirlərindəndə səmərəli istifadə etməklə Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, bilik,savad,səriştə dəyərlər sisteminin effektiv kombinasiyasından qaynaqlanan istehsal mədəniyyətinə, innovasiyalara hədəflənmiş MODERN AZƏRBAYCAN quruculuğu məqsədi dayanır. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, həqiqi və etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşın və digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür. Azərbaycanda neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi innovsiyalı inkişaf modelinə keçilməsi üçün nəzərdə tutulan dərinləşdirilmiş islahatların sistemli şəkildə həyata keçirilməsi ilə 2021-ci ildən başlayaraq orta perspektivdə iqtisadiyyatımızın rəsmi hökumət proqnozlarındakından 2 dəfə sürətli-6-7 faiz və ondan yüksək artım trayektoriyasına çıxa,maliyyə sisteminin səmərəli fəaliyyətini və bu əsasda əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsi təmin ediə bilər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də