Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda xanım vəkilin şok fırıldağı - Müdafiə etdiyi şəxslə evləndi və...

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir.

Hər iki qardaşın həbsinin səbəbləri və Arif Əsgərovun oğlu Elnarın bu cinayət işlərində iştirakı barədə geniş yazılar dərc etmişdik. İndi həmin işlərin davamı olaraq maraqlı və olduqca ilginc yenilik ortaya çıxıb.

RegionTV.info xəbər verir ki, Hüseynov qardaşlarından Rahib məhkəməsi davam edən ərəfədə ona vəkillik edən qadınla evlənib. Rəsmi nikah bağladıqdan sonra əmlaklarını onun adına keçirib. Sonra isə həmin qadın tərəfindən dələduzluğa məruz qalıb. Bu haqda geniş məlumat vermədən əvvəlki hadisələr- Hüseynov qardaşlarının həbsinin səbəbləri haqda xatırlatma edək.

Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri olanda onun oğlu Elnar Əsgərov xarici ölkələrdən mal gətirərək atasının rəhbərlik etdiyi bu quruma satırmış. Xaricdən alınan mal QSC-yə dəyərindən 5-6 dəfə baha satılaraq dövlət büdcəsindən milyonlarla manat silinib. Elnar Əsgərov bu biznesini böyütmək üçün ayrı-ayrı şəxslərdən pul alaraq onları da bu işə şərik edib. Uzun illər bu sistemlə milyonlar qazanıblar. Amma sonradan işlər elə gətirib ki, alınan pullar geri qaytarılmayıb və pul sahibləri şikayətlər edib.

Bu zaman Elnar Əsgərov pulları özünün yox xalasının oğullları Emin və Rahib tərəfindən ələ keçirildiyini deyib.

Rahib Hüseynov həbs edilmədən öncə qeyd kitabları ortaya qoymuşdu. Kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazılmışdı. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd etmişdi. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur.

Məlum olurdu ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də Rahib Hüseynov və qardaşı nəzarət edib.

Amma bütün bunlara baxmayaraq, sonra Hüseynov qardaşları dələduzluqda ittiham edilərək həbs edildi. Elnar Əsgərov isə məhkəmədə yalnız şahid kimi ifadə verərək xalasının oğlanlarını günahkar göstərdi.

Rahib Hüseynovu aldadan xanım vəkil haqda...

Hüseynov qardaşlarının məhkəmə prosesi davam edən ərəfədə onların vəkili Sevil Hacıyeva idi. Həmin ərəfədə onların rəsmi nikaha girdikləri məlum olmuşdu. Bu gün isə vəkilin Hüseynovlara qarşı dələduzluq etdiyi məlum olub.

Bu barədə həbsdə olan qardaşların atası İsmayıl Hüseynov məlumat verib.

İ.Hüseynov iddia edir ki, onu və ailəsini də elə oğullarının hüquqlarını müdafiə edən vəkil Sevil Hacıyeva aldadıb.

"İstintaq vaxtı 4 saylı vəkil bürosunda Sevil Hacıyeva ilə müqavilə bağladıq. Bizdən ümumilikdə 207 min 104 manat pul alıb. Övladlarım ayrı-ayrılıqda mühakimə olunurdu. Birinci Eminə 9 il həbs cəzası veriləndə mən Sevil Hacıyevadan şübhələndim. Bizi inandırmışdı ki, ziyanın bir hissəsi ödənilsə, uşaqlarım həbs olunmayacaq. Bu adla da mənə məxsus "Arsenal” şirkətinin maşını, kənd təsərrüfatı texnikasını, yoldaşımın zinət əşyalarını aldı. Dedi ki, bizim üçün bankdan 500 min manat pul götürə bilər, şərtləri razılaşdırıb. Amma mənim yaşımın çoxluğunu əsas gətirib, evi və şirkəti oğlum Rahibin adına keçirməyimi istədi. Elədim. Rahib də məhkumluğuna görə kredit götürə bilməyəndə bizə dedi ki, oğlumla formal nikah bağlamaqla məsələni həll eləyə bilər.

Biz ona inandıq. Gəncədəki "Asan Xidmət”də əmlaklar Sevil Hacıyevanın adına keçirildi.

Sonradan kredit məsələsinin yalan olduğu ortaya çıxdı. Əmlaklarımı istəyəndə dedi ki, Rahib və Eminin istintaq dövründə ev dustaqlığına buraxılması üçün özündən 100 min manat pul vermişəm. Ümumilikdə 470 min manat pul və əmlakımızı ələ keçirib. Ona verdiyimiz pulların qəbzləri bizdədir. Sən demə, zərərçəkmiş tərəflərə də bir manat pul verməyib, bizi aldadıb. Oğlumdan 10 yaş böyükdür. Bizi aldadıb müflis elədi. Prokurorluğa da şikayət etmişik"- deyə İsmayıl Hüseynov bildirir.

Qeyd edək ki, Vəkillər Kollegiyası çoxsaylı şikayətlərdən sonra Sevil Hacıyevanın vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də