Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun istintaqa cəlb edilməsi barədə məlumatlar yayılıb. Bununla paralel olaraq Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun vəzifə səlahiyyətləri başa çatdıqdan sonra saxta sənəd imzalatdığına dair iddialar ortaya atılıb. Təbii olaraq sabiq məmurların silsilə həbslərin gerçəkləşdiyi bir vaxtda bu xəbərlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi ekspertlər ölkədə tezliklə səs-küylü həbslərin baş verəcəyini diqqətə çatdırır.
Maraqlıdır, vəzifədən bir neçə il əvvəl uzaqlaşdırılmış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi gözləniləndirmi? Məsələ ilə bağlı RegionTV.info-ya açıqlama verən Milli Məclis deputatı Fazil Mustafa qeyd edib ki, bu, istintaq orqanlarının gəldiyi nəticədən asılı olacaq:
“Hər kəs qanun qarşısında məsuliyyət daşıyır, heç kim toxunulmaz deyil. İstintaq orqanlarının belə bir qənaətə gələcəyi təqdirdə istənilən şəxs istintaqa cəlb edilə bilər. Lakin məhkəmənin hökmü olmadan kimsəni ittiham eləmək doğru deyil. Faktı bilmədiyim üçün şəxslər haqqında heç nə deyə bilmərəm. Bəlkə kimsə hansısa jurnalistə 5 manat verib belə bir yazı yazdırıb, yaxud qərəzi olan şəxs özü yazıb, həmçinin kimsə də obyektiv yaza bilər. Ona görə də saytlara yerləşdirilən hər informasiya ilə bağlı qiymətləndirmə apara bilmərik”.
Xəbəri paylaş